Azərbaycanda bank olmayan kredit təşkilatlarına kreditlərin verilməsi məqsədilə ödəniş hesablarının açılması, kredit kartlarının emissiyası hüququnun verilməsi təklif olunur.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və bu sahəyə aid digər qanunlara dəyişikliklərin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, qanun layihələrin hazırlanmasında beynəlxalq təcrübədən, Dünya Bankı və BVF-nun tövsiyələrindən istifadə edilib:
“Qanun layihələrinin əsas məqsədləri Mərkəzi Bankın maliyyə bazarlarında meqarequlyator funksiyalarının təsbit olunması, maliyyə bazarlarında tənzimləmə və nəzarət sisteminin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, idarəetmə prosedurlarının sadələşdirilməsi, bankçılıq sahəsində müstəqilliyin artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, vətəndaşlara maliyyə əlçatanlığının artırılmasıdır”.
Anar Kəlbiyev