ABŞ kəşfiyyatına məxsus məxfi sənədlər ölkə mətbuatına sızdırılıb.

"Unikal" “Washington Post”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman bir neçə ay əvvəl Vaşinqtonla “neft təchizatı” mübahisəsinə görə ABŞ iqtisadiyyatını məhv etməklə hədələyib.

OPEC+ qrupunun energetika və neft nazirləri oktyabrın 5-də keçirilən iclasda noyabr ayından neft hasilatını gündəlik 2 milyon barel azaltmaq qərarına gəliblər. Bu qərardan sonra Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanı ilə əlaqələri yenidən nəzərdən keçirdiyinə dair açıqlamalar verib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ölkəsinin ABŞ ilə strateji əlaqələri olduğunu və OPEC+ ölkələrinin xam neft hasilatını azaltmaq qərarlarının iqtisadi səbəblərdən alındığını bildirib.

Məlum olub ki, iki ölkə arasında gərginliyin artmasına səbəb olan böhran zamanı diplomatik və mötədil bəyanatlar verən Səudiyyə Ərəbistanı bağlı qapılar arxasında ABŞ-a çox sərt xəbərdarlıqlar edib. "Washington Post" qəzetinin əldə etdiyi kəşfiyyat məlumatlarının məxfi sənədlərinə görə , şahzadə Salman rəsmilərə ABŞ-ın cavab tədbirləri görəcəyi təqdirdə ölkəsinin ABŞ iqtisadiyyatı üçün çox ciddi nəticələri olacaq addımlar atacağını çatdırıb. Selmanın “Artıq ABŞ rəhbərliyi ilə məşğul olmayacağam” dediyi və ABŞ ilə körpüləri qıracağı da bildirilib.

Xəbərdə ABŞ rəhbərliyinin gərginliyi azaltma səyləri nəticəsində ikitərəfli təmasların davam etdiyi qeyd olunub və Şahzadə Salmanın bu həftə Ciddədə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdüyü xatırladılıb. Xəbərlə bağlı açıqlama verən ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Səudiyyə Ərəbistanı ilə bir çox mövzuda əməkdaşlığın davam etdiyini qeyd edib.