"Bu gün tarix, arxeologiya və etnoqrafiya elmləri sahəsində saxtakarlıq, başdansovuduluq, plagiatçılıq və xaltura halları baş alıb getməkdədir. Özü də bu yeni hal deyil, illər öncə başlanmış ziyanlı bir tendensiyadır". 

"Unikal" xəbər verir ki, bu fikirləri AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev elm sahəsindəki ağır durumla bağlı yazdığı müraciətdə qeyd edib. O vurğulayıb ki,  bütün bunların günahkarı təkcə alimlərdə deyil:

"Siz elə düşünürsünüz ki, elmi işçi adı ilə akademiyanın institutlarına doldurulmuş yüzlərlə, minlərlə insanın hamısı alimdir?! Elə düşünürsünüz ki, o insanları elm sahəsində işə alimlər qəbul edib?! Bilin və agah olun ki, elm sahəsindəki bu acınacaqlı mənzərəni yaradan alimlər deyil, uzun illərdir ki, məhz akademiya rəhbərliyi və onların xeyir-duası ilə elmi-tədqiqat institutlarına təyin olunmuş başabəla direktorlar olub. Alimlərin ünvanına hədyanlar yağdıranlara tövsiyə edərdim ki, dönüb bir keçmişə nəzər salsınlar. Görün, ötən əsrin 70-80-ci illərində Akademiyamıza kimlər rəhbərlik edib, kimlər institut direktoru olub! Onları indikilərlə müqayisə edin. Azərbaycanın hüdudlarından çox-çox kənarlarda tanınan, böyük nüfuz sahibi olan həmin şəxslərin kreslolarında indi kimlər əyləşməkdədir?! Axı, elementar idarəçilik səriştəsi olmayan bu adamlar çoxsaylı elmi işçinin cəm olduğu çox böyük, həm də kifayət qədər möhtəşəm bir cameəni necə idarə edə bilər?!

Əslində elmi tədqiqat institutlarının rəhbərləri o institutların məşğul olduğu elmi istiqamətlər üzrə ən çox tanınan, hər kəs tərəfindən qəbul olunan yüksək reputasiyalı alimlər olmalıdır. Əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq respublikada hökm sürən hərc-mərclik fonunda bu meyarlar da tədricən yoxa çıxdı. İşi o yerə çatdırdılar ki, indi ölkənin ən nüfuzlu ali təhsil ocağına və bəzi elmi tədqiqat institutlarına özlərinə dissertasiya yaza bilməyən şəxslər rəhbərlik edir. Nəzərə alın ki, həmin şəxslər rektor və ya direktor olmaqla yanaşı, həm də müvafiq elmi şuralara və dissertasiya şuralarına rəhbərlik edirlər. Bu nə deməkdir?! Belə bir anormal yanaşmaya necə haqq qazandırmaq olar?!".