Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran rayonunda vətəndaşlarla görüşüb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a bildirilib ki, qəbuldan əvvəl Saleh Məmmədov və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Şabran rayonunun Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib. Agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.