"Bu barədə məlumatı kim yazıbsa, biz onu təkzib edirik. Adların qadağan olunması ilə bağlı verilən məlumat tamamilə yanlışdır".

Bunu "Unikal"a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova Məmməd və Mamed adlarının qadağan olunması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

O qeyd edib ki, Komissiyanın adların verilməsini qadağan etməyə ixtiyarı yoxdur:

"Adlar qeydiyyat idarələrində verilir. Məlum olduğu kimi, Ədliyyə Nazirliyinin tərkibində qeydiyyat idarələri fəaliyyət göstərir və adlar orada yazılır. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında qeydiyyat idarələrindən həmin adların necə yazılması, ədəbi dilin normaların uyğun olub-olmaması ilə bağlı məktub daxil olursa, həmin məktuba ədəbi dil normalarından çıxış edərək cavab veririk. Sadəcə olaraq, 2015-ci ildə Muhammed, Məhəmməd adının hansı formada yazılışını müəyyənləşdirmişik. Ədəbi dil normalarının qaydalarına görə Məhəmməd formasında yazılır. Bir daha bildirmək istərdim ki, Məmməd və Mamed adlarının qadağan olunması ilə bağlı verilən məlumat tamamilə yanlışdır".

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda Məmməd və Mamed adlarına qadağa qoyulması ilə bağlı məlumat paylaşılıb.

Anar Kəlbiyev