Bakıda çimərlikdə boğulmaqda olan qadın xilas edilib.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.
Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu Qızılqum çimərliyi ərazisində 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.