Fransa prezidenti Emmanuel Makronun ABŞ-ın Uber şirkəti ilə gizli sövdələşməsi üzə çıxıb.

“Unikal” xəbər verir ki, bu barədə “Radio France” məlumat yayıb.

Fransanın Parlament komissiyası müəyyən edib ki, 2014-2017-ci illər arasında Emmanuel Makron və “Uber”i sıx əlaqələr birləşdirib. Bu yaxınlıq hətta onun prezident seçilməsindən sonra da davam edib. 
““Uber”lə Emmanuel Makron arasında əlaqələrin intensivliyi Nazirlər Kabinetinin qeyri-şəffaf, lakin imtiyazlı münasibətlərə dəlalət edir və sistemimizin şəxsi maraqların ictimai qərarların qəbuluna təsirini ölçmək və qarşısını almaqda acizliyini ortaya qoyur”, - deyə hesabatda qeyd olunur. 

Bildirilir ki, Fransa prezidenti iqtisadiyyat naziri postunu tutarkən “Uber” şirkətinə kömək edib. Bu qənaətə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) da gəlib.
Belə ki, E.Makronun Fransanın iqtisadiyyat naziri olduğu dövrdə “Uber”lə bağladığı gizli sövdələşmə sayəsində şirkətin sürücüləri üçün təlim saatlarını 250-dən 7-yə endirdiyi barədə hissəyə də rast gəlinir
Bundan başqa, 2015-ci ilin oktyabrında Marseldə taksi sürücüləri “Uber” menecerinə tədbirdə çıxış etməyə icazə vermədikdə, şirkətin Avropadakı lobbiçisi Mark Makqan Makronla əlaqə saxlayıb və o, bu məsələyə baxacağını vəd edib. 

Qeyd edək ki, "Uber" ABŞ-ın taksi xidməti göstərən məşhur şirkətidir.