Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən tədbirlər zamanı xüsusilə də nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücülər müəyyən olunub.
Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib. Konstruksiya dəyişikliyi edilən və yerində aradan qaldırılması mümkün olmayan avtomobillər isə sürücülərin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib. Nəqliyyat vasitələrinə quraşdırılan əlavə avadanlıqlar aradan qaldırıldıqdan sonra sahibinə təhvil verilib.