"Yeni taxıl dəhlizi əvvəlki ilə eyni anlama gəlməməlidir. Ona görə ki, burada bilavasitə söhbət Ukraynanın işğal olunan ərazilərindəki əldə olunmuş taxılın tadarükündən gedir".
Bunu "Unikal"a iqtisadçı Eldəniz Əmirov Rusiyanın yeni taxıl dəhlizi planları haqqındakı açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, Rusiya Ukrayna taxılını şimal-cənub dəhlizi ilə daşımaq istəyir: "Əvvəlki taxıl sazişində isə məhz Ukraynanın özünün istehsal etdiyi taxılın dünya bazarlarına çıxardığı dəhlizdən söz gedirdi. Rusiyanın hazırkı taxıl dəhlizi anlayışı isə, əslində, şimal-cənub dəhlizinin bir formasıdır. Çünki bu dəhliz əvvəllər məhz Hindistandan çıxaraq Aralıq dənizi, Cəbəllütariq boğazı və Atlantik okeanı ilə Rusiyanın şimalına yönəlirdi. Daha sonra bu dəhliz okean üzərindən deyil, Hindistandan İran-Azərbaycan-Rusiya olmaqla uzanan bir dəhliz idi. Hazırda Rusiyanın təşviq etdiyi də məhz bu dəhlizdir".
Eldəniz Əmirov həmçinin qeyd edib ki, dəhlizin Azərbaycandan keçməsi ölkə üçün fayda verə bilər: "Bu dəhliz təbii ki, Azərbaycan üçün öz faydasını verəcək. Əgər bu reallaşarsa, bütün hallarda yüklərin Azərbaycan üzərindən daşınmasının bizim üçün hər hansı mənfi təsiri yoxdur. Sadəcə olaraq bu dəhlizin perspektivinin nə qədər olması sual altındadır. Çünki şimal-cənub dəhlizi uzun müddətdir müzakirə olunsa da, hələ də konkret nəticənin əldə edilməməsi bu taxıl koridorunun da şimal dəhlizinə paralel və ya onun üzərindən salınması perspektivini sual altında qoyur".
Qeyd edək ki, Rusiya dayandırdığı Qara Dəniz Taxıl Sazişini yeni dəhlizlə bərpa etmək istədiyini açıqlamışdı ki, bu koridor da Azərbaycan və İrandan keçərək Hindistana çatır.
Ağarza Elçinoğlu