Astarada insanların dincəldiyi çimərlik ərazisində avtoxuliqanlıq hərəkətləri edən və bu görüntüləri sosial şəbəkədə paylaşan şəxs inzibati qaydada həbs edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Astara rayon sakini Muğbil Həsənov etibarnamə olmadan idarə etdiyi “Vaz 21063” markalı avtomobillə rayon ərazisindəki çimərliklərdən birində orada dincələn şəxslərin həyatı üçün təhlükəli olan manevrlər edib. Sonradan isə həmin görüntüləri sosial şəbəkədə paylaşıb.
İnsanların istirahət etdikləri məkanda ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik etməklə avtoxuliqanlıq hərəkətlərinə yol verən həmin sürücü Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib və toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Həsənov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.