Gəncədə qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb.
Bu barədə "Unikal"a DİN Mətbuat Xidmətindən məlumat verilib.
Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Fərahim Verdiyev saxlanılıb.
Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirlərinin davamı olaraq Göygöl rayonunda yerləşən fərdi yaşayış evinə baxış keçirilib və oradan 1 ədəd “AK-72” tipli avtomat, həmin avtomata aid 2 ədəd sandıqca, həmin silahın 2 ədəd ehtiyyat hissəsi və 135 ədəd patron aşkar edilərək götürülüb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.