Ağsu rayonunda torpaq məcralı kanal beton üzlüyə alınır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Ağsu Suvarma Sistemləri İdarəsi 2023-cü ilin tədbirlər planına uyğun olaraq meliorativ tədbirlərini davam etdirir. Bu məqsədlə ilin əvvəlindən etibarən bütün hazırlıq işləri yekunlaşıb. 37 min hektardan artıq əkin sahəsinə xidmət edən idarənin balansında 974 km suvarma kanalı mövcuddur. Bundan 74 km-i beton kanallardır. Yerdə qalan hissə isə torpaq məcralıdır. Torpaq kanallarda isə su itkiləri daha çox olur. Bunun qarşısını almaq məqsədilə hər il kanallar beton üzlüyə alınır. Növbəti belə işlərdən biri rayon ərazisində əkin sahələrinin böyük bir hisssəsini su ilə təmin edən, ümumi uzunluğu 35.6 km olan Maşın Qolu kanalında aparılır.
Son illər Ağsu rayonunda əkilən kənd təsərrüfatı bitkilərinin vaxtında suvarılması məhsuldarlığın da artmasına səbəb olub. Fermerlər artıq asanlıqla kanallardan götürdükləri suyu öz sahələrinə çatdıra bilirlər.
Ağsu Suvarma Sistemləri İdarəsinin balansında olan kanallarda ilin əvvəlindən etibarən lildən təmizləmə işləri də davam edir. Bundan başqa kanallar üzərində olan hidrotexniki qurğular, balansda olan 33 ədəd subartezian quyuları da təmir olunur.
Qeyd edək ki, Ağsu Suvarma Sistemləri İdarəsinin əsas su mənbələri Girdimançay, Ağsu çay, Yuxarı Şirvan kanalı, onun Ağsu Maşın Qolu kanalı və Cavanşir su anbarıdır. Bundan başqa idarənin balansında sel sularından mühafizə məqsədilə 7 km daş-beton bəndlər də mövcuddur.