2023-cü il 16 avqust tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Nəriman Nərimanov adına klubda I Qarabağ Müharibəsi şəhidi Azərbaycanın Milli Qəhrəmanı Atakişiyev Aslan Qabil oğlunun 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Bakı şəhər Şəhidlər xiyabanında Milli Qəhrəmanımızın məzarı ziyarət olunub, önünə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunulub.
Daha sonra tədbir Sumqayıt şəhər Nəriman Nərimanov adına klubda davam etdirilib.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq mühafizə orqanları, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbin kollektivi, Şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Vurğulandı ki, Ölkəmizin son illər əldə etdiyi uğurlar, 44 günlük Vətən müharibəsində qazanılan zəfər, işğal altında olan torpaqlarımızın azad olunması, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın qüdrətli ölkə olmasının bariz nümunəsidir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən I Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
Bakı Dövlət Universitetinin professoru, Muradxanlı kənd sakini Abbas Abbasov və digər çıxış edənlər Şəhidimizlə bağlı öz xatirələrini bölüşdülər və qeyd etdilər ki, Şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər Respublikamızda Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Çıxış edən Şəhidimizin ailə üzvlərindən oğlu Elvin Atakişiyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdi.
Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbin şagirdləri və Mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvləri tərəfindən “Vətənpərvərlik” mövzusunda şeirlər səsləndirildi, muğam parçaları ifa olundu.
Aslan Qabil oğlu Atakişiyev 1953-cü il avqust ayının 16-da Qubadlı rayonunun Muradxanlı kəndində anadan olmuşdur. 1960-cı ildə Muradxanlı kənd tam orta məktəbinə daxil olmuş, 1970-ci ildə həmin məktəbi bitirmişdir. 1972-1974- cü illərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakultəsinə daxil olub. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunun Muradxanlı kənd tam orta məktəbində müəllim vəzifəsində fəaliyyətə başlamışdır.
Qarabağ hadisələri başlayanda müəllim işləyən Aslan Atakişiyev erməni quldurlarının doğma torpaqlarımızda törətdikləri vəhşilikləri gördükdə qəlbi intiqam hissi ilə alovlanır. 1992-ci ildə öz doğma peşəsindən ayrılıb Milli Ordu sıralarına yazılır, leytenant rütbəsi ilə komandir müavini təyin olunur. O, torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilirdi. Tabor komandirinin müavini olmasına baxmayaraq öz əsgərləri içərisində qızğın yerlərdə döyüşə birinci atılırdı. Bu hünər və cəsarət çoxuna nümunəyə çevrilirdi. Cəbhədə, Ordu rəhbərliyi həmişə onun bu cəsarətini yüksək qiymətləndirirdi. Aslan Atakişiyev Laçın rayonu uğrunda gedən döyüşlərdə Mazutlu, Səfiyan, Türklər, Suarası kimi kəndlərdə əsl qəhrəmanlıq göstərmiş,düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir.
1992-ci il 7 avqustda Susuzdağ yüksəkliyi uğrunda qızğın döyüşlər gedirdi. Elə onun son döyüşü də burada oldu. Yağı düşmən çoxdan idi ki, onu nəzarətə almışdı. 1992-ci il avqustun 7-də Laçın dəhlizi və Susuzdağ yüksəkliyində gedən qanlı döyüşdə qəhrəmancasına şəhid olmuş, Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı Fərmanı ilə Atakişiyev Aslan Qabil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Həmçinin Qubadlı rayon Muradxanlı kənd tam orta məktəbi onun adını daşıyır. Bakı şəhərində, Sumqayıt şəhərində, Ucar rayonunda adına küçələr var.