Avqust ayının 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib. İclasda 2023-ci ilin 1-ci yarımilliyində həyata keçirilən fəaliyyətlər və gələcək planlar müzakirə edilərək, təklif və rəylər nəzərə alınmaqla, müvafiq qərarlar qəbul edilib.
"Unikal" xəbər verir ki, iclasda AzQAC-ın İdarəetmə Şurasının üzvləri ilə yanaşı Cəmiyyətin rəhbər heyəti, əməkdaşları və həmçinin, regional mərkəz və yerli bölmələrin sədrləri iştirak edib.
İclası giriş sözü ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb, iclasın mahiyyətindən və əhəmiyyətindən bəhs edib. Novruz Aslanov öz çıxışında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2023-ci ildə əldə olunan nailiyyətlərindən bəhs edərək, bu ilin Milli Cəmiyyətin inkişafı, potensialının artırılması baxımından əhəmiyyətli bir il olduğunu qeyd edib. O, öz çıxışında AzQAC-ın Qarabağ İqtisadi zonasında fəaliyyətlərinin gücləndirilməsi haqqında, Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyata keçirilən yardım kampaniyası ilə bağlı keçirilən audit yoxlamasının nəticəsi barədə məlumat verdi. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərəfdaşları ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlığından bəhs edib, bu əməkdaşlığın son illərdə daha da genişləndiyini vurğulayıb. AzQAC-ın Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası (Beynəlxalq Federasiya), Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycan üzrə nümayəndəliyi ilə olan əməkdaşlığının dünyada nümunəvi bir model olduğunu nəzərə çatdırıb.
Daha sonra iclasda AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev 14-18 avqust tarixində Moskva şəhərində BQXQACF xətti ilə həyata keçirilən İMPACT kurslarında AzQAC əməkdaşlarının iştirakı barədə məlumat verdi. O öz çıxışında AzQAC-ın yerli bölmələri tərəfindən həyata keçirilmiş fəaliyyətlərdən, beynəlxalq sahədə həyata keçirilən əməkdaşlıq və nailiyyətlərdən danışdı. Eyni zamanda, Ceyhun Mirzəyev Azərbaycan Qızıl Aypara Cəmiyyəti Katibliyinin normativ sənədlərin təsdiqi haqqında məlumat verdi.
AzQAC-ın vitse prezidenti, İdarəetmə Şurasının məsul katibi Qafar Əsgərzadə qarşıda duran strategiyalar haqqında məruzə edib və bir sıra strategiyaları İdarəetmə Şurasının diqqətinə çatdırıb. Bu strategiyalar AzQAC-ın Nizamnaməsinə uyğun olaraq İdarəetmə Şurasının üzvləri tərəfindən yekdilliklə təsdiqlənib.
İclasda AzQAC-ın Baş mühasibi Nailə Cəfərova çıxış edərək maddi yardımların göstərilməsi məsələləri barədə, beynəlxalq audit lisenziyası olan auditin həyata keçirilməsi haqqında, Türkiyəyə olunan maddi yardımlar haqqında və ştat cədvəlinin dəyişilməsi barədə danışıb.
İclasın sonunda, son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında aparılan kampaniyanı nəzərə alaraq AzQAC-ın müvafiq bəyanatı qəbul edilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bəyanatı
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 1920-ci ildən etibarən 100 ildən artıq bir müddətdə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq Hərəkatın 7 fundamental prinsipini, xüsusilə “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” prinsiplərini rəhbər tutaraq, həm sülh dövründə, həm hərbi münaqişələr şəraitində, eyni zamanda fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, insanlar arasında fərq qoymadan müharibə qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir.
AzQAC istər Birinci Qarabağ savaşı dövründə, istər Vətən müharibəsi zamanı və istərsə də COVİD-19 pandemiyası dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində zərərçəkmiş şəxslərə müvafiq humanitar yardımlar göstərmişdir. 30 illik fəaliyyətləri dövründə hər iki beynəlxalq qurum respublikada humanitar sahədə kifayət qədər müxtəlif layihələr həyata keçirmişlər.
Təəssüflər olsun ki, son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında bir qərəzki kampaniyanın aparılmasının şahidi oluruq.
Bunu nəzərə alaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bəyan edir:
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Azərbaycan Respublikasının Konstitusiyasına;
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.1; 3.0.8; 3.0.9 maddələrinə;
“Qızıl Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6; 9; 15 maddələrinə;
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinə;
Beynəlxalq Hərəkatın “vahidlik” prinsipinə;
Beynəlxalq Federasiyanın Konstitusiyasına və mandatına uyğun olaraq, əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni sakinlərə çatdırmasına dəstək verməyə hazırdır.
Belə ki, bu humanitar missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və ona edilmış əlavələrin, həmçinin, 1997-ci ildə qəbul edilmiş Seviliya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur. Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rol milli cəmiyyətlərə verilir.
Bu humanitar missiyanın həyata keçirilməsi üçün, milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunmuşdur.
Bu Bəyanat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının 21 avqust 2023-cü il tarixli geniş iclasında qəbul olunmuşdur.