Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyi birgə bəyanat yayıblar.
"Unikal" bəyanatı təqdim edir.
Otuz ildən artıqdır ki, 1976-cı ildə Tərtərçayın üzərində yaradılmış və hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Sərsəng su anbarı Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur. Qəza vəziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükələr yaradır. Bununla əlaqədar, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlərin yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib.
Sənəddə xüsusilə vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər. Eyni zamanda, Assambleya Ermənistan hakimiyyətini su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa çağırıb.
Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının düzgün və öz təyinatı üzrə idarə olunmaması, su ehtiyatlarından uğursuz, səmərəsiz istifadə edilməsi ətraf mühit və insan sağlamlığına, ümumilikdə regionun ekosisteminə ciddi mənfi təsir göstərməkdə, sosial-iqtisadi fəsadlar törətməkdə davam edir.
Belə ki, su anbarının idarə olunması zamanı ekoloji, o cümlədən iqlim amillərinin nəzərə alınmaması su səviyyəsinin aşağı düşməsi ilə ekoloji risklərin daha da kəskinləşməsinə səbəb olur. Bu vəziyyət su anbarının fauna və florasına mənfi təsir göstərir, bitki örtüyünün məhv olmasına, balıq ehtiyatlarının azalmasına, quşların təbii yaşayış areallarının itirilməsinə, ətrafdakı meşə ərazilərinin qurumasına, eroziya proseslərinin güclənməsinə, səhralaşmaya və ümumilikdə ekosistemin tarazlığının pozulmasına gətirib çıxarır.
Ermənistan və onun himayə etdiyi qüvvələr ekoloji təcavüzlə yanaşı, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının ərazilərinə suvarma tələb olunan mövsümlərdə su anbarından qərəzli şəkildə suyun verilməsinə mane olaraq Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan vurmuş və vurmaqda davam edir. Sərsəng su anbarının öz təyinatı üzrə istifadə olunmaması nəticəsində yaranan su çatışmazlığı səbəbindən həmin rayonların ərazisində 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb edilə bilmir. Eyni zamanda, əhalinin içməli suya olan tələbatının ödənilməsi və qismən suvarılmanın aparılması məqsədilə yeraltı sulardan intensiv istifadə edilməsi təbii resursların tarazlığının pozulmasına səbəb olub.
Ermənistanı himayə etdiyi qüvvələr vasitəsilə sözügedən rayonların əhalisinin Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərindən biri kimi “Təhlükəsiz və təmiz suya əlçatanlıq” təməl insan hüquqlarının pozulmasına, regionun ekosisteminin deqradasiyasına, fauna və floranın itirilməsinə səbəb olan hərəkətlərindən əl çəkməyə çağırırıq.