Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, avqustun 25-də Şəmkir şəhərində “Heydər Əliyev siyasəti: Müasir dövlət quruculuğu” adlı konfrans keçirilib.
"Unikal" xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Şəmkir rayon Şəhidlər Xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub.
İştirakçılar Şəmkir rayon Heydər Əliyev mərkəzinin Muzey hissəsində Ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər ilə tanış olub.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Ceyhun Kazımov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud iqtisadi inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib.
Dahi lider Heydər Əliyevin müasir dövlət quruculuğu siyasəti barədə danışan Ceyhun Kazımov uğurlu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.
Konfrans zamanı çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev işgüzar tədbirin Şəmkir şəhərində təşkilindən məmnunluğunu ifadə edib.
Konfransda, həmçinin, Milli Məclisin deputatı Nurlan Həsənov, Şəmkir rayon prokuroru Azər Hətəmov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi mövzularında çıxış edib.
Tədbir iştirakçıları “Böyük şəxsiyyət...3 ştrixdə” sənədli filminə baxıb.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.