Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 25 avqust 2023-cü il tarixdə Şirvan şəhəri ərazisində keçmiş məcburi köçkünlər üçün inşa olunmuş 685 mənzilli şəhərcikdə Mənzil İstismar departament idarəsinin binasında keçirilib.
"Unikal" xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.
Əvvəlcə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov birlikdə keçmiş məcburi köçkünlərin problemlərini dinlədilər və onların həlli üçün aidiyyəti orqanlara müvafiq tapşırıqlar veriblər.
Daha sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov vətəndaşları qəbul edib.
Qəbulda sakinlər tərəfindən qaldırılan 18 məsələdən 4-ü yerində həll olunmuş, 6-ı baxılması üçün nəzarətə götürülmüşdür. 8 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilmişdir. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.