Qaradağda Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri Səməndər İsmayılzadənin avqustun 25-də doğum günü qeyd edilib.
"Unikal" xəbər verir ki, İsmayılzadə Səməndər Vahid oğlu 25.08.1990-cı ildə Yevlax şəhərində anadan olub. 1996-2007-сi illərdə Yevlax şəhəri Səməd Vurğun adına 5 saylı orta məktəbdə təhsil almışdır. Sonradan diş texniki, mühafizəçi, anbardar vəzifələrində işləyib.
Hərbçi ailəsində doğulduğu üçün hərbi xidmətə həvəs etmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində ZTR-82 A komandiri kursunu bitirmişdir.O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
2020-ci il oktyabrın 9-da Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə və “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidin doğum günü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin vəzifəli şəxsləri,digər idarə və müəssisə rəhbərləri və ailəsi ilə birlikdə şəhidin məzarı ziyarət olunub və məzarı üzərinə gül dəstələri qoyulub. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsinə baş sağlığı verib və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirib.
Bundan əlavə ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğısının olduğunu və bunun davamlı olacağını ziyarət iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra şəhidin doğum günü ilə əlaqədar təşkil olunmuş tədbir keçirilib. Bundan əlavə şəhid adına əbədiləşdirilmiş küçədə şəhidin adına küçə adı lövhələri və barolyef lövhəsi quraşdırılıb.
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə, eləcə şəhid adının daimi uca tutulması üçün görülmüş işlərlə əlaqədar Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürlərini bildirib.