Bu gün Azərbaycan kişisindən,ata obrazından və bu obrazın qadının taleyindəki rolundan danışacağam.
Azərbaycan kişisi daim hər kəsin marağında olan bir obraz olub. Atalığıyla, ailəcanlılığıyla, kişiliyilə, cəmiyyətdəki mövqeyi ilə… Mərdlik və güc simvolu sayılan qarşı cinsin nümayəndəsi hər zaman qoruma instikti ilə, özgüvən duyğusu ilə qadına arxa-dayaq olmuşdur. Daşıdığı qoruyucu və igidlik duyğusu ilə torpağımıza son damla qanına qədər sahib çıxan oğullardan,qadınını başının tacı, sultan edən ərlərdən, övladı üçün son nəfəsini əsirgəməyən atalardan danışacağam.
Şeirlərimizlə,yazılarımızla yana-yana dilə gətirdiyimiz vətən həsrətinə, sinəmizi dağlayan Qarabağ yaramıza elə onun sağlam bir əqidə sahibi və əvəzolunmaz gücü ilə son qoyulmadımı?
Şərqin ilk diplomat xanımı Bayandur elində doğulmuşdu. Ağqoyunlular dövlətinin siyasətinin sahmana salınmasında görkəmli diplomat və dövlət xadimi Sara Xatunun sultanlığına səbəb ,arxasında dayanan qüvvə Azərbaycan kişisi olmadımı? Bu da bir kişinin, bir oğulun qüdrəti deyildimi?
Gəncə xanı Cavad xanın zövcəsinin rus ordusunun qarşısında əyilməyib əli silahlı çəkinmədən, qorxmadan cəsarətlə döyüşərkən güc aldığı dayaq və əminlik, cəsurluq Azərbaycan ərinin gücü deyildimi?
Qızıl Arslanın anası Möminə xatun ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nüfuza malik olmadımı?
Türk dünyasının igid qadını Nigarın adının tarixə düşməyinə səbəb Azərbaycan kişisi Rövşən olmadımı?
Bu və bunun kimi həm tarixi, həm də müasir faktlar bitib-tükənməzdir.Azərbaycan kişisi ismini, şücaətini tarixə yazdıracaq qədər qüdrətli bir yaradılışa sahibdir. Cəmiyyətimizin qüdrət simvolu sayıram Azərbaycan kişisini, hansı ki, valideynə qayğıkeşdir, vətəninə sadiqdir, qadınına dostdur, övladlarına arxadır.
Bu xüsusiyyətləri daşıyan kəslərimiz var olduqca, çox olduqca vətənimiz də, qadınlarımız da, övladlarımız da güvənli əllərdə olacaqdır.
Yazımın əsas məqsədi isə kişinin cəmiyyətdəki ən əsas rollarından biri -atalıq mövzusudur.Ata hər övladın arxa,dayağıdır. Valideyn olaraq övladın güclü yetişdirilməsi, əminlik duyğusu, ümid yerinin banisidir ata. Hələ ki qız övladları; ilk sevdasıdır ata, ilk güvəndiyi kişidir, güclü duruşudur, özünə inamıdır, dar gününün xilaskarı, qoruyucu mələyidir ata.
Qız övladları zərifliklə yanaşı zəifliklə də doğulurlar. Bu zəifliyi özgüvənə çevirən, “qorxma,mən yanındayam” deyəndir ata. Böyüdükdən sonra ,həyata ilk addımlarını atanda, ailə quranda, ilk çətinliyə düşəndə yardıma gələnidir ata. Harayına gələni olmayanda ,göz yaşlarını ruhu ilə oxşayan, röyasına gəlib günahkar baxışlarla, dilsiz harayı ilə susandır ata.
“Cəmiyyətimizdə atasını itirən xanımlara qarşı cahil insanların baxış bucağı” başlığı altında davam edəcəm bu mövzuya.
Kişiliyin müqəddəs və ali rollarına xələl gətirənlər, ata adına layiq olmayanlar, qadını intihara sürükləyənlər, atasız qızları xor görənlər kişilik simvoluna yaraşmayanlardır.
Kişi atadır, qardaşdır, ərdir, yoldaşdır…Bu rolların həyatında yer almadığı hər qadın yarımçıqdır;istər qismətdən dolayı, istər yarımçıq taledən yaranan bu yoxsulluqla yaşayan xanımları güclü etmək kişini ucaldar.Dayağı olmayana dayaq olar;qardaşı olmayana qardaş olar. Yeri gəldikdə valideynlik duyğusunu da əsirgəməz; bu duyğuları yaşatmaqdan çəkinməyin, yoxa söykənib qadınları ən zəif yerindən vurmayın, sahibsiz sanıb əzməyin. Həyat bir bumeranqdır, etdiklərinizlə sınanacaqsınız, bunu kimsə unutmasın.
Qadına qardaş, yoldaş, ata, arxa olan hər bir insan sayğını, sevgini və ən yüksək ali mərtəbəni- Azərbaycan kişisi olmağı sonuna qədər haqq edir…
Azərbaycan kişisinə hörmətlə Gülər Mübariz