Goranboy rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Goranboydakı Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Aqrar Sığorta Fondu və Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Gəncə-Daşkəsən iqtisadi rayonunda aqrar sığortanın tətbiqi, son aylar Azərbaycanda baş verən təbii fəlakətlər, onların təsərrüfatlara vurduğu böyük zərər və fermerlərə ödənişlərlə bağlı vəziyyət müzakirə edilib.
Tədbirdə çıxış edən Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev aqrar sığortanın dövlətin fermerlərə dəstək üçün tətbiq etdiyi mühüm yenilik olduğunu bilirib.
Qeyd edək ki, Goranboy rayonu 2023-cü ildə təbii fəlakətlərdən, xüsusilə sel-subasma, dolu və leysan yağışlarından ən çox zərər çəkən bölgələrdəndir. İcra hakimiyyətinin başçısı bildirib ki, bu fəlakətlər kənd təsərrüfatına, rayondakı fermerlərə, iri və kiçik təsərrüfatlara böyük zərər vurub və hazırda sığortalı təsərrüfatlar sığorta ödənişlərini gözləyirlər.
M.Quliyev fermer və təsərrüfatları zərərlə üzləşməmək üçün olduqca sərfəli şərtlərlə təqdim edilən və cüzi məbləğə başa gələn aqrar sığortadan istifadə etməyə çağırıb.
Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov aqrar sığortanın dövlətin fermerlərə növbəti dəstək mexanizmi olduğunu bildirib və xatırladıb ki, aqrar sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Onun sözlərinə görə, 2022-2023-cü illərdə Gəncə-Daşkəsən Regionunda fermer və təsərrüfatlara 117 min manatdan artıq ödəniş edilib.
Havaların qeyri-sabit keçməsi, sel və daşqınlar səbəbindən sığorta hadisələrinin kəskin artdığını qeyd edən Fond sədri bildirib ki, bu il sığorta ödənişləri daha da artaracaq və hadisələr nəticəsində fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başanılacaq.
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri sel-subasma nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması, meyvə bağlarının sığortası aqrar sığorta ekspertlərinin fəaliyyəti ilə bağlı sual və təkliflərini səsləndiriblər.
Bir sıra iri təsərrfatların nümayəndələri təbiət hadisələri nəticəsində dəyən zərərlər, dəymiş ziyanın hesablanması və ödəniş qaydaları ilə bağlı fond rəhbərliyinə suallar ünvanlayıb və bütün suallar cavablandırılıb.
Tədbirdə xüsusi qeyd edilib ki, fermerlər aqrar sığortadan faydalanmaq üçün əkin sahələrini sığortalamalı və əldə edəcəkləri məhsulun həcmini düzgün bəyan etməldirlər.
Goranboy rayon İcra hakimiyyəti, Aqrar Sığorta Fondu və fermerlər arasında fikir mübadiləsi formasında keçirilən görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib.
Tədbirdən sonra Goranboy rayonunda nümunəvi təsərrüfata baxış keçirilib.