Azərbaycan həqiqətən sülh müqaviləsi imzalamaq, regionda qarşıdurma və zorakılıqlar səhifəsini vərəqləmək istəyir. Biz sülh içində yaşamaq istərdik, lakin indi sıra Ermənistandadır.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News” nəşrinə müsahibəsində bildirib.
O, “Sülhə nail olmaq üçün nə etmək lazımdır?” sualına cavab olaraq, Ermənistanın reallığı nə qədər tez başa düşərsə, hamı üçün o qədər yaxşı olacağını qeyd edib.
“Ermənistanın ölkəmizə qarşı çirkin təbliğatı bizi Vaşinqtonun təqdim etdiyi platformada (hansını ki biz çox yüksək qiymətləndiririk) sülh müqaviləsi danışıqları yolundan uzaqlaşdırıb. Biz çox mühüm irəliləyiş əldə etmişdik. Sənəddə yer alan məsələlərin demək olar ki, 70 faizi aydınlaşdırılıb və müəyyən mənada razılıqlar əldə olunub. Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək. Lakin, Ermənistanın Baş naziri bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə hələ də bu ölkənin Silahlı Qüvvələrini bizim ərazilərimizdə saxlayır. O hələ də ölkəmizin ərazisindəki qanunsuz silahlı rejimi maliyyələşdirir”.
Prezidentin köməkçisi Beynəlxalq Cinayət Məhkəməsinin (ICM) keçmiş prokuroru Luis Moreno Okampo avqust ayında Laçın yolunun “blokadası”nı “soyqırımı” kimi qiymətləndirən hesabatına da münasibət bildirib.
Hikmət Hacıyev Okamponun şəxsiyyəti və dürüstlüyünün sual altında olduğunu deyib.
”Beynəlxalq mediada onun qanunsuz əməllərlə məşğul olması ilə bağlı çoxlu faktlar var, lakin sözüm onda deyil. İkincisi, mən təəssüf edirəm ki, hüquqşünas olduğunu iddia edən şəxs “soyqırım” ifadəsindən, onun nə demək olduğunu bilmirmiş kimi sui-istifadə edir. Üçüncüsü, hesabatda səsləndirilən fikirlər qərəzlidir. Niyə Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində törətdiyi soyqırım və hərbi cinayətlərdən danışmır? Azərbaycanın mülki əhali yaşayan 8 şəhəri tamamilə dağıdılıb. Okamponun hesabatında bu faktlar haradadır?
Srebrenitsa qətliamından əvvəl 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin bütün əhalisi ermənilər tərəfindən qətlə yetirilərkən Okampo harada idi? Kim kimə qarşı soyqırım törədib? Ən böyük sual budur. Öz torpaqlarından etnik təmizləməyə məruz qalmış, 30 ildir məcburi köçkün və qaçqın həyatı yaşayan bir milyon azərbaycanlının taleyi fonunda bu suala cavab verilməlidir. Okampo Azərbaycanın mədəni irsi, o cümlədən Ermənistan tərəfindən tamamilə dağıdılan Azərbaycan məscidləri ilə bağlı niyə susur?”, Hikmət Hacıyev sual edib.