Yeni başlanğıcın simvolu olan sentyabr ayı ilə payız aylarına zəriflik və rahatlıq bəxş edən geyimlər sizi daha dəbli göstərə bilər. Həm zövqlü, həm də dəbə uyğun libas seçimində tərəddüd edənlər artıq payız mövsümünün geyimləri ilə maraqlanmağa başlayıblar. Bəs görəsən, bu ilin payız mövsümünün geyim tərzi necə olacaq?
Bu barədə "Unikal"a danışan modelyer-dizayner Şəlalə Maqsudova bildirib ki, hər il olduğu kimi, bu il də payız kolleksiyasında dəyişikliklər bizi gözləyir:
"2023-cü ilin payız mövsümündə həm geyimlərdə, həm də rənglərlə dəyişikliklər olacaq. Bu sezonda ən çox oversayz geyimlər (bədən ölçüsündən böyük olan boş, tökülən geyimlər), o cümlədən, "street style" yəni küçə stili daha çox dəbdə olacaq".
Modelyerin sözlərinə görə, bu sezonun rəng tonları da xüsusilə fərqlənəcək:
"Dünyaca tanınmış dizaynerlər tərəfindən bu il payız kolleksiyasına göy və narıncı tonlar təklif olunub. Təbii ki, ağ və qara klassik rəngi dəyişməz olaraq qalacaq. Bu fəsilə görə, parçalarda da müəyyən dəyişikliklər olacaq. Bəzi şifon, dantelli, nazik kətanlar öz yerini cins, qalın kətan ,nazik toxunma parçalara verəcək".
Gülayə Mecid