"Atəşkəs rejimi müharibənin bitməsi deyil. Ortada sülh müqaviləsi yoxdur. Mütəmadi olaraq müxtəlif istiqamətlərdə atəşkəs rejimi pozulur, təxribatlar törədilir. Vətən müharibəsindən sonra da belə hallar baş verir".
Bunu "Unikal"a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Onun sözlərinə görə, son zamanlar gərginliyin artması onunla bağlıdır ki, Ermənistan siyasi hədəflərə nail ola bilmir, yəni, sülh müqaviləsindən qaçmaq üçün başqa yol görmür:
"Ermənistan və onun havadarları 30 illik işğal dövründə olduğu kimi yenə də danışıqlardan sonra vəziyyəti gərginləşdirirlər. Atəşkəsi pozurlar və təxribatlara əl atırlar. Nəticədə də danışıqların təsiri itir. Azərbaycan dövləti bütün bu proseslərə nəzarət edir. Azərbaycan Ordusu hər zaman olduğu kimi, hər bir təxribata adekvat cavab verir. Bu təxribatların qarşısı alınır və bundan sonra da alınacaq. Hər halda bunun arxasında siyasi məqsədlər var. Yəni, Ermənistanla birgə onun havadarları burada vəziyyəti gərginləşdirərək öz məqsədlərinə nail olmaq istəyirlər. Rusiyaya qarşı olan qüvvələr regionda vəziyyəti gərginləşdirmək üçün Ermənistanda bu ölkəyə qarşı etiraz prosesini gücləndirirlər. Belə ki, atəşkəs pozulsun, vəziyyət gərginləşsin və Rusiyanı burada günahlandırsınlar ki, heç nə edə bilmir. Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə qarşı narazılıq ifadə olunur. Bunların hamısı Rusiyaya qarşı olan proseslərdir. Əlbəttə, burada nə Ermənistan, nə də Azərbaycan haqqında düşünən yoxdur. Böyük dövlətlər burada vəziyyətin gərginləşdirilməsi və öz maraqlarının təsir dairəsinin genişləndirilməsi ilə məşğuldurlar. Bunu geosiyasi baxımından belə qiymətləndirmək olar".
Hərbi ekspert bildirib ki, Azərbaycan dövləti bütün bu prosesləri müşahidə edir. O qeyd edib ki, hazırda Ermənistanın silahlandırılması halları da var: "Onlar həm Hindistandan, həm də Fransadan hansısa silahlar alır. Buna baxmayaraq, onların hər hansı irimiqyaslı təxribata əl atmasına Azərbaycan tərəfindən adekvat cavab veriləcək. Yenə də dəmir yumruqla başlarını əzərək, onları itkilərə məruz qoyaraq bunun qarşısını almaq durumundayıq. Azərbaycan Ordusunun gücü və silah arsenalı Ermənistanla müqayisə oluna bilməz".
Ramaldanov vurğulayıb ki, Qarabağ iqtisadi rayonundakı qanunsuz erməni silahlı dəstələrinin üzvləri tərksilah edilməlidir: "Gərginliklər həm də bununla bağlıdır. Biz bunu uzada da bilmərik. Qanunsuz silahlılar oradan çıxarılmalı, Xankəndidə Azərbaycan bayrağı dalğalanmalı və orada qanunlarımız işləməlidir. Gedən proseslər onu göstərir ki, Ermənistan siyasi rəhbərliyi danışıqlar vaxtı Qarabağ iqtisadi rayonu ilə bağlı manipulyasiya etməyə çalışırlar. Azərbaycan dövləti bir müddət qoya bilər. Həmin müddətdə Üçtərəfli bəyanatın 4-cü maddəsinin yerinə yetirilməsini tələb edə bilər. O zaman çərçivəsində qanunsuz silahlıların oradan çıxarılması həyata keçirilməsə, onlar silahları yerə qoymasa, Azərbaycan antiterror əməliyyatı apararaq oradakı seprataçıları yox edib Xankəndidə bayrağımızı qaldıracaqlar. Düşünürəm ki, Azərbaycan dövləti Qarabağ iqtisadi rayonunda olan terrorçuları təhlükə mənbəyi kimi məhv etməlidir. Bunu həll edəndən sonra digər proseslər də sürətlənəcək. Artıq bu məsələnin həll edilməsinin zamanı çatıb".
Anar Kəlbiyev