Hər bir övladın valideyn qayğısına, dəstəyinə ehtiyacı olduğu kimi, valideyn nəzarətinə də ehtiyacı var.

Tərbiyə beşikdən başlayar, deyiblər. Körpəlikdən uşağa valideyn nəzarəti mütləqdir. Hər bir valideyn sevir övladını,əzizləyir, qayğısına qalır. Təbii ki,yaxşılığını da hər kəsdən çox istəyir.Lakin bəzən bu istək kortəbii olaraq pərəstişə çevrilir,sanki.Valideyn birmənalı olaraq uşağın hər dediyi ilə razılaşır,bunu həyatın bir qanununa çevirir. Gözüyumulu halda, düşünmədən etdiyi bu davranışların nəticəsində özü öz əli ilə övladını uçuruma doğru aparan valideynlərimiz də var,təəssüf ki. Valideynin övlada olan sonsuz məhəbbəti təbii haldır,bu istək formal ola bilməz,əlbəttə. Lakin məsələ bundadır ki, valideyn bəzən özü öz etdiyinin fərqinə varmır, ya ailə içində nümayiş etdirdiyi əməlləri ilə övlada mənfi örnək olur, ya da uşağın etdiyi bütün ərköyünlüklərə, hətta səhvlərə belə göz yumaraq nəticədə qarşısı alınmaz hadisələrə yol açır. Bunu əsla övlad sevgisinin artıq olması ilə əlaqələndirmək olmaz, bu, tamamilə başqa məsələdir. Normal düşüncə sahibi , düzgün qərar verən valideynlərin övlad sevgisi dahamı azdır, və ya dahamı çoxdur, sizcə? Burada başqa faktorlar önəmli rol oynayır; iradə zəifliyi, yanlış düşüncə, yetəri qədər bilgi sahibi olmamaq, ailədaxili münaqişələr, uşaqlıq və ya keçmiş travmaları və s. Bu kimi halları yaşayan valideynlər övlad tərbiyəsində bir sıra çətinliklərlə üzləşir və yanlış addımlara yol aça bilirlər.

Etinasızlıq, başısoyuqluq və məsuliyyətsizlik də insan xarakterində varsa, bu amillər də övlad tərbiyəsinə ən pis təsir edən başlıca səbəblərə çevrilir. 

Bəs belə hallarda nə etməliyik? İlk öncə bu hallar valideynin öz iradəsindən kənar hallarda baş verirsə, buna mütəxəssis köməyi vacibdir. Burada ən əvvəl problemin təməlinə başdan nəzər salınmalıdır, valideynin ruhsal və fiziki sağlamlığına mümkün olduğu qədər yardım olunmalı, şiddət görürsə, hüquqi dəstək almalı, hər hansı bir mənəvi cəhətdən narahatlığının önünün alınması üçün psixoloqlara müraciət edilməlidir. Bu kimi problemlərin önünün alınması sağlam düşüncəli valideynin formalaşmasına və bilavasitə düzgün tərbiyənin yaranmasına şərait yaradar.
Növbəti mərhələ düzgün tərbiyənin şiddətlə və təhqirlə qarışdırılmamasıdır. Övladın səhvi zamanı ona qarşı göstərilən şiddət, təhqir, özünəinamsızlığı yaradan davranışlar nəticədə daha xoşagəlməz hadisələrə və yaşanan səhvin təkrarlana biləcəyinə bir təkan verir. Problem yaşanarkən valideyn olaraq əvvəlcə özümüz özümüzə sual verməliyik; Mənim səhvim harada oldu? Övladıma qarşı diqqətsiz olmağım buna səbəb ola bilərmi?… 

İlk əvvəl özümüz özümüzü mühakimə edə biliriksə, o zaman övlada da qarşı düzgün qərar çıxara bilərik.

Daha sonra övladımızı diqqətlə dinləməyi bacarmalı, dediyi hər sözü fikrimizdə analiz etməli və bu hadisənin başlanğıcının harda olduğuna, təməlin nədən qaynaqlandığına qərar verməliyik. 
Mütəmadi olaraq övlad-valideyn arasında maarifləndirici söhbətlər olmalıdır. Ata və ana daim uşaqla söhbət edərsə, onun fikirlərini müntəzəm olaraq alarsa, o zaman problem yaşansa belə, asanlıqla çıxış yolunu tapa bilərlər. Çünki onlar artıq övladı ilə dostdurlar, onun nəyi edib, nəyi etməyəcəyini bilirlər. Qarşılıqlı güvən əsasında qurulan valideyn-övlad münasibətləri həmişə sağlam olur, yaşadığı hər çətinlikdən bərabər çıxmağı bacarırlar.

Əxlaqi və mənəvi dəyərləri övladına düzgün aşılamağı bacaran hər bir valideyn övladın həyatdakı hər bir sınağından üzüağ çıxacaqdır. 

Həyatda səhvsiz insan olmur, önəmli olan isə səhvi dərk etmək, bundan nəticə çıxarmaq və ən əsası vicdanının səsinə qulaq asa bilməkdir. Həyatın keçməkeşli və mücərrəd yolunda büdrəməyən bəndə yoxdur, hər çətinliyin bir sonu,hər büdrəmənin də bir dirçəlişi olur, yetər ki, dar zamanda qolundan tutub qaldıranı və ona lazımi mənəvi dəstəyi verən olsun. Bu dəstək isə hər zaman ilk öncə valideynlərdən gözlənilir, övladın ən böyük dayağı, mühafizəkarı sayılır valideynlər. Əziz valideynlər, bu duyğunu övladınızdan əsirgəməyin, onlara hər zaman yanında olduğunuzu hiss etdirin, övlad bizə Tanrı əmanətidir,axı. Uşaq mükəmməl doğula bilməz, uşaq mükəmməl tərbiyə olunar ki, mükəmməl olsun. Onu inşa edən bizlərik, uşağın arzulanan övlad olması valideyn olaraq bizim ona nələri aşılamağımızdan asılıdır. Göz gördüyünü çağırır, xarakter də güzgü kimi ona göstəriləni əks etdirir. Bir sözlə, hər bir övlad ailəsinin məhsuludur. Əkdiyimizi biçirik…
İdeal və qüsursuz insan olmur, amma valideynlik vəzifəsini ideal icra edənlər olur. Yaşanan bütün arzuolunmaz halların önünü ala bilən, yaşansa belə övladı səhv yoldan döndərib onu düzgün istiqmətləndirə bilən hər bir valideyn qəhrəman sayılır. Bunu bacaran atalara-analara isə ideal valideyn demək olar. 

Valideynlik də bir sınaqdır. Bunun öhdəsindən layiqi ilə gələ bilən, cəmiyyətimizə düzgün əqidəli, sağlam düşüncəli şəxsiyyətlər yetişdirə bilən bütün valideynlər insanlıq tarixində danılmaz haqqa sahibdirlər.

Gülər Mübariz

Ekspert-yazar