Məktəb- uşaqların inkişafı dövründə və tərbiyə sistemində vacib əhəmiyyət kəsb edir. Məktəbə başlamaq şagird üçün yeni və qarışıq bir sosial çevrəyə daxil olmaq ,bir şəxsiyyət olaraq cəmiyyətdə yer ala bilmək və uşağın düşüncəsindəki dünyasından fərqli dünyaya qədəm qoymaqdır. Adətən məktəb dönəminin başlaması ilə uşaqlarda öz şəxsiyyətini qazanmağa doğru istəklər və bu yolda göstərdiyi səylər artır. Bu zaman uşaqlarda fərqli davranışlar ortaya çıxır. Bəzən xarakterinə zidd, bəzən də yanlış yola istiqamətlənə bilirlər. Bu baxımdan tədris illərinin uşaqların həyatındakı yerindən danışacağıq.

Tərbiyə insan həyatında önəmli yeri olan və istiqamət verən bir sistem formasıdır. 

Bundan əvvəlki yazımızda “Tərbiyə evdən başlayır" fikri hər nə qədər doğru olsa da, evdə başlayan tərbiyə müddəti ailənin seçdiyi yöntəmə görə, uşaq üçün isə uyğun yaşda məktəbdə davam edir. Ailədəki bu dönəmdən sonra uşaq məktəbdə formalaşmağa başlayır, bəlli zamanını məktəbdə keçirdikdən sonra öz arzu və xəyallarını gerçəkləşdirmək yolunda həyatında tərbiyənin yerini müəyyən edir. Bu yolda oxuduğu, təlim-tərbiyə aldığı məktəbin uşaq mənəviyyatındakı yeri çox böyükdür.

Bir yandan da uşağın tərbiyəsinə məktəbdə davam etməyi ,ailəsindən fərqli bir sosial çevrəyə daxil olması fikri dedikdə başqa-başqa tərbiyə metodu alan ,bir sözlə fərqli evlərdən gələn fərqli fərdlərlə zamanını keçirməyi deməkdir. Dərslərdə bərabər fikir paylaşan, hətta bir dövrdən sonra evindən daha çox zaman keçirdikləri çevrə digər uşaqlar və tədris ocağı olur. Bu səbəbdən də uşağın tərbiyəsində məktəbdəki ətraf mühitin də rolu böyükdür. Digər şagirdlərin mədəni səviyyəsindən ailə durumunu və ailələrindən aldıqları tərbiyəni araşdırdıqda onların uşağın təlim-tərbiyəsində təsirin böyüklüyünü və əhəmiyyətini asanlıqla dərk etmək olur.

Daha önəmli məqamlardan biri isə məktəb kadrosudur. Bu kadro- direktorundan ,təlim-tərbiyə müdirinə, sinif rəhbərindən tutmuş, bütün müəllimlərinə və hətta təmizlik işçilərinə qədər hər kəsi əhatə edir. Bu kadronun uşağın həyatındakı rolunu anlayan və önəmsəyən, bunu qüsursuza yaxın şəkildə yaratmaq üçün əlindən gələni əsirgəməyən məktəblər olduqca gələcəyə daha kamil şəxsiyyətlərin yetişəcəyindən əmin ola bilərik. 

Bəhs etdiyimiz kadro-məktəbin mükəmməl qurulu sistemi veriləcək tərbiyənin keyfiyyətini yaradan və bu yolda bina olmaqdan ziyadə təlimə,onun davamlılığına dəstək verən  bir sistem deməkdir. Örnək olaraq idealist müəllimlərin uşaqdakı akademik biliklərə yiyələnmək istəyini yüksəltməsinə və hətta pozitiv enerjili, düzgün qavrama sisteminə sahib bir xarakterə sahib uşaqların formalaşmağına səbəb olur.

Kadrodan və bərabər təlim gördüyü çevrədən sonra məktəbin uşaqlar üçün təmin etdiyi fiziki imkanlar da önəmli rol oynayır. Buraya ilk öncə uşaqda düzgün motivasiya yaratmaq, daha sonra təlim-təhsilə maraq və istəyi aşılamaq aiddir. Bunun formalaşmağı uşaqlarda özlərinə uyğun yolun seçilməsində düzgün istiqamət verir. 

Fikirlərin bu baxımdan analiz edilməsinə əsaslanılsa, ilk öncə düzgün məktəbin seçilməsi böyük əhəmiyyət kəsb edir.Düzgün məktəb dedikdə bir çox məsələlər nəzərdə tutulur.Bəzi nüanslar əhəmiyyətsiz kimi görsənsə də,əslində vacib amillərdəndir. Məsələn, təhsil ocağının yaxın və ya ən asan gediləcək yerdə olmağını təmin etmək. Ailə qucağından daha yeni ayrılan azyaşlı üçün bunun önəmi vacibdir. Məktəb şagirdə əziyyət kimi gəlməməli, mümkün olduğu qədər rahat məkan olmalıdır. 

Məktəbi məktəb edən bina, onun təmiri, ad-sanı deyil, orada təmin olunacaq mənəvi rahatlıq və düzgün təlim -tərbiyə üsulunun seçilməsidir. Bunu yaradan və təmin edən isə həyati nöqtələrdən biri olan yaxşı öyrətmən,yəni ilk müəllim sayılır. Bu ibtidai sinif müəllimləri uşağın kimliyindəki təməl daşlarını düzgün hörən və ailədən sonrakı ən önəmli insanlardır. Müəllim sadəcə dərs öyrədən, dərs müddəti bitincə məktəblə və uşaqla əlaqəni kəsən bir insan deyil. Gerçək həyatda da müəllim şagirdi ailəsi və ətraf mühiti ilə, yaxın çevrəsi ilə bütünləşdirən, dəyər verən, təlim-təhsil həyatını ən başdan başlayaraq doğru yönləndirən və həqiqətən can yandıran gerçək pedaqoqdur.

Bütün bu məlumatlardan ilk öncə ailələr xəbərdar olmalı, qarşılarında olan vəzifənin vacibliyinə özləri hazır olmalıdırlar. Bu hazırlıq həm psixoloji, həm də davranış olaraq uşağa doğru şəkildə aşılanmalıdır. Məktəb öncəsi həyəcanın olmağı təbii hal sayılır, amma bu həyəcan panik halına keçməməli və uşağa da hiss etdirilməməlidir. Bunu da yadda saxlamaq lazımdır ki, məktəb uşağın təlim-tərbiyə məqsədi ilə yoluna davam edəcəyi ilk ciddi sosial qurumdur və bu qurumun da özünəməxsus qaydaları var ki, buna riayət etmək məcburi sayılır.

Təbiidir ki, uşaqların ilk gündən bu qaydalara riayət etməsini və onu düzgün qavramasını gözləmək olmaz. Doğru davranışlar nümayiş etdirilsə,uşaqlar yeni şəraitə daha tez alışa bilərlər, bu baxımdan uşaqlara anlayışla davranmaq və onlara zaman vermək lazımdır. Doğru məktəb  seçimində düzgün qərarlar  vermək valideynlərin seçimi olduğundan bunun əhəmiyyətini də ilk öncə valideynlər özləri dərk etməlidirlər.
Seçim düzgün olarsa, uşağın məktəb həyatına da adaptasiya olmağı daha az zaman alar. 

“Doğru məktəb” anlayışı isə bir ayrı mövzudur. Məktəblərimizin doğru olmayanları və onların səbəblərini araşdırmaq isə növbəti yazılarımızda öz yerini alacaqdır.
Bu məqalənin məktəb yaşı çatmış azyaşlılara və onların valideynlərinə faydası olmağı ümidi ilə bu duyğunu yaşayan hər bir ailəni yeni dərs ilinin başlamağı münasibəti ilə təbrik edir və hər bir məktəbliyə uğurlar arzu edirəm.

Ekspert-yazar Gülər Mübariz