Bakı Mühəndislik Universitetində (BMU) 2023/2024-cü tədris ilinə hazırlıq vəziyyəti, o cümlədən qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində gerçəkləşdirilən islahatları vurğulayan BMU-nun rektoru, professor Havar Məmmədov ali təhsilin müxtəlif istiqamətlərində əldə edilən uğurlu nəticələri diqqətə çatdırıb.

Yeni tədris ilinin başlanması münasibətilə təbriklərini dilə gətirən Havar Məmmədov BMU-ya qəbul üzrə göstəricilərə toxunub, Koreya Respublikasının İNHA Universiteti ilə birgə icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom prqoramının 2023/2024-cü tədris ili üzrə qəbul planının 100% dolduğunu bildirib. Hazırda BMU-ya yeni qəbul olunan abituriyentlərin qeydiyyatının davam etdiyini, prosesin 14 sentyabr tarixində başa çatacağını bildirən rektor ilkin göstəricilərin müsbət olduğunu deyib. 

Rektor BMU-ya 2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planın isə 99,7 faiz dolduğunu fikirlərinə əlavə edib.

Sonra BMU-nun yeni dərs ilinə hazırlığından bəhs edən Havar Məmmədov auditoriyaların tədris prosesinə hazırlığı, ilk kurs tələbələri ilə işin aparılması və s. məsələləri önə çəkib, müvafiq tapşırıq və tövsiyələrini verib. 

Daha sonra çıxış edən BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov tədris yükünün bölüşdürülməsi,  fənn sillabusları, tələbə-müəllim münasibətlərində elmi-pedaqoji meyarların üstün tutulması kimi istiqamətlərə toxunub, tədris prosesi ilə bağlı qarşıda duran vəzifələri nəzərə çatdırıb.