Ötən ilin sentyabrın 13-də Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhid olan Əhədzadə Xəyal Əlövsət oğlunun ildönümü keçirilib.

"Unikal" xəbər verir ki, Mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, hüquq-mühafizə  orqanlarının rəhbərləri, habelə kütləvi şəkildə rayon ictimaiyyəti iştirak edib. Mərasim iştirakçıları öncə şəhidin qəbrini ziyarət ediblər, məzarı önünə tər güllər düzüb, ruhuna dualar ediblər. Taleh Qaraşov şəhid atası ilə söhbət edib, onların qayğı və problemləri barədə yaxından maraqlanıb. İcra başçısı dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sözügedən məsələyə həssaslıqla yanaşdıqlarını, daim diqqət mərkəzində saxladıqlarını bildirib. Şəhid atası da öz növbəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısını hiss etdiklərini vurğulayıb və onlara təşəkkürünü ifadə edib. 

Vətən müharibəsi iştirakçısı olan şəhidimiz Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi döyüşlərdə iştirak edib və  “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib. Bundan başqa, göstərdiyi şücaətə və qəhrəmanlıqlara görə dövlət başçısının müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Rəşadət” ordenləri, “Vətən uğrunda”, “Fizulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” və “Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.