Qida məhsullarının daşınması və çatdırılması standartlara uyğunlaşdırılmalıdır. Belə ki, məhsullar daşınarkən həm isti, həm də soyuq zəncir prinsipinə əməl olunmalıdır. Ərzaq məhsulları ilə qeyri-ərzaq məhsullarının bir yerdə daşınması qəti qadağandır. Ərzaq məhsullarının "qonşuluq" prinsipinə düzgün əməl olunmalıdır. Daşınma ilə məşğul olan sahibkarlıq strukturları tibbi müayinələrdən keçməlidirlər. Onların istifadə etdiyikləri qida boksları standartlara uyğun olmalıdır.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Agentliyin sədri bildirib ki, qida məhsullarının daşınması və çatdırılması qida zəncirinin əsas müzakirə olunan məsələlərindən biridir. Beynəlxalq standartlara uyğun olaraq qida təhlükəsizliyi sistemi tarladan süfrəyə qədər qida zəncirinin bütün mərhələlərini əhatə edir. Dolayısı ilə bu, ilkin istehsal, istehsal, məhsulların qablaşdırılması, daşınması, saxlanılması, çatdırılması, satışıdır. Bunun da ən ümdə mərhələlərindən biri də qida məhsullarının daşınması və çatdırılması xidmətinin həyata keçirilməsidir. Pandemiya dövründə tək Azərbaycanda deyil, dünyada qida məhsullarının daşınması və çatdırılması böyük əhəmiyyət kəsb etdi və geniş vüsət aldı. Azərbaycanda da qida məhsullarının daşınması və çatdırılması şirkətləri formalaşdı. AQTA-nın həmin şirkətlərdən ən vacib tələbi öz fəaliyyətlərini bilavasitə qanunvericiliyin tələblərinə uyğun həyata keçirmələridir.