Dövlət Gömrük Komitəsinin Akademiyasına yeni qəbul olmuş tələbələr və onların valideynləri ilə silsilə görüşlər keçirilib. 

"Unikal" xəbər verir ki, akademiya rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə keçirilən görüşlərdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tələbə adını qazanaraq DGKA ailəsinə üzv olan hər bir gənci və onların valideynlərini təbrik edib. Q. Novruzov çıxışında Akademiyanın ən başlıca hədəfinin mükəmməl təhsil mühiti yaratmaqla əmək bazarının tələblərinə uyğun, xüsusilə də qəhrəman şəhidlərimizin bizə əmanət qoyduqları Vətənə və dövlətçiliyə sadiq yüksəkixtisaslı peşəkar kadrlar yetişdirmək olduğunu qeyd edib. Tədris prosesi ilə bağlı müxtəlif məsələlərə toxunan Akademiya rəisi ölkəmizin inkişafı naminə gənclərə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi və bu istiqamətdə bütün güclərini səfərbər etməyi tövsiyə edib və yeni tədris ilində onlara uğurlar diləyib.

Daha sonra Akademiyanın əməkdaşları tədris və imtahan sessiyası, ictimai fəaliyyət, nizam-intizam qaydaları və digər mövzular ilə bağlı ətraflı məlumat veriblər.

Sonda tələbələr Akademiyada yaradılan şərait və infrastrukturla yaxından tanış olublar.