Perunun cənubunda sərnişin avtobusu uçuruma aşıb. Dəhşətli qəzada 24 nəfər ölüb, 21 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, ölkənin rəsmi agentliyinin yaydığı məlumata görə, Huancayo və Huanta şəhərləri arasında hərəkət edən avtobus Ayacucho şossesində 200 metrlik uçuruma düşüb.

Qəzada 24 nəfər hadisə yerində ölüb, 21 nəfər yaralanıb.

Bölgəyə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadasının göndərildiyi, yaralıların xəstəxanalara aparıldığı bildirilib.

Anco Bələdiyyə Başçısı Manuel Zevallos qəzanın baş verdiyi yolda daha əvvəl də sürüşmənin baş verdiyini və yolun baxım işlərinin aparılmadığını müəyyən etdiklərini bildirib.

Milli Yol Təhlükəsizliyi Şurasının rəqəmlərinə görə, Peruda hər il təxminən 3 min insan yol qəzalarında ölür və 55 min adam yaralanır.