İspaniyanın cənubundakı Əndəlus bölgəsinin əhəmiyyətli şəhərlərindən biri olan Qranadada bərpa olunan binanın döşəməsində aparılan qazıntılar zamanı Əndəlüs İslam dövrünə (711-1492) aid müsəlman qəbiristanlığı üzə çıxarılıb.

"Unikal" xəbər verir ki, bu gün 13-15-ci əsrlər arasında mövcud olan Qranada Əmirliyinin paytaxtı Qranadada Katolik Kralları dövründə (1474-1516) aradan qaldırılan müsəlman tarixinin izləri axtarılır. Əndəlüs  Pireney yarımadasındakı sonuncu müsəlman dövləti kimi tanınır.

Əndəlüs İslam sivilizasiyası üzərində araşdırmalar aparan arxeoloq Dr. Amjad Suliman, Qranadanın qədim şəhər mərkəzində, "Bab əl-Fuxarin" kimi tanınan ərazidə təxminən 1,5 aydır apardıqları qazıntılar zamanı şəhərdəki 8 müsəlman qəbiristanlığından birini tapdıqlarını söyləyib. Qranadanın Realejo kimi tanınan bu tarixi bölgəsində şəhərdə 8 müsəlman qəbiristanlığından 3-nün olduğunu bildirən Suliman, Dulusçular Qəbiristanlığında indiyə qədər 40-dan çox müsəlmanın qalıqlarını tapdıqlarını və ümumilikdə bu kiçik ərazidə təxminən 150 müsəlmanın dəfn edildiyini təxmin etdiklərini söyləyib.

Suliman, "Qranada müsəlmanların Əndəlüsdəki son sığınacaq yeri idi və buradan çıxarılan qədim məzarlardakı dəfnlərin sıxlığı o dövrdə yaşayan müsəlmanların sayının nə qədər çox olduğunu göstərir" deyə bildirib.

Bu gün Qranadada 40 minə yaxın müsəlman yaşayır, onların əksəriyyəti mühacirdir.