Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində monitorinqlər keçirib. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyan monitorinqlər zamanı 6 müəssisədə nöqsanlar müəyyən olunub.

Bildirilib ki, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 6, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.