Müasir beynəlxalq münasibətlər sistemində strateji müttəfiqlik münasibətlərinə malik dövlətlərdən ABŞ və Böyük Britaniya, Rusiya və Belarus, Yaponiya və Cənubi Koreyanı misal göstərə bilərik. Bununla belə, hətta bu dövlətlər arasında zaman-zaman müəyyən narazılıqlar, enişli-yoxuşlu münasibətlər dinamikasının şahidi olmuşuq. Bu baxımdan hazırkı dövrdə Azərbaycan–Türkiyə əlaqələri həqiqətən də dünyada bənzəri olmayan müstəsna səviyyədədir. Bu reallığı cari ilin 25 sentyabr tarixində Naxçıvan şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə tarixi görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirdi. Naxçıvanda baş tutan bu görüş Azərbaycan-Türkiyə qardaşlığı salnaməsinə qızıl hərflərlə həkk olundu.

Bu salnamənin ilk səhifələri keçmiş dövrlərə gedib çıxsa da, ən oxunmalı və rəngarəng hissələri məhz hazırkı fəsillərdir. Çünki məhz bu fəsillər Türkiyə ilə Azərbaycan arasında ticari-iqtisadi, enerji sahələrində sürətlə artan əməkdaşlığı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələri, İkinci Qarabağ müharibəsi dövründə və Qarabağ Zəfərindən sonra Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyini, müttəfiqlik haqqında Şuşa Bəyannaməsini, nəhayət 2023-cü il sentyabrın 25-də baş tutan Naxçıvan görüşünü əks etdirir. Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millətimiz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir.

Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı Cənubi Qafqaz regionuna sülh, sabitlik və inkişaf vəd edir. İki ölkə arasındakı qardaşlıq, nəinki regionun, hətta bütün Avrasiya qitəsinin iqtisadi potensialına töhfə verəcək yeni geosiyasi reallıqlar yaratmaqdadır. Naxçıvanda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanında qeyd etdiyi kimi “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir.” Naxçıvan görüşünün ən əsas hadisəsi hər iki ölkə rəhbərlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi oldu. Möhtərəm cənab Prezident İlham Əliyevində qeyd etdiyi kimi İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt kimi Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq. O cümlədən, Tədbir çərçivəsində keçirilmiş İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi ilə yanaşı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. Beləliklə, İğdır–Naxçıvan qaz kəməri və imzalanmış sənədlər regiondakı digər layihələrlə paralel şəkildə Avropanın da enerji təhlükəsizliyinə öz töhfəsini verməklə Azərbaycanın və Türkiyənin geostrateji əhəmiyyətini daha da artırmış olacaq.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov