Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi qələbənin üçüncü ildönümü ilə əlaqədar “Jedar News”, "Müstəqbl", "Addustor" və digər nüfuzlu xəbər portallarında məqalə ilə çıxış edib.
"Unikal" xəbər verir ki, məqalədə 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 30 ilə yaxın erməni işğalında qalan Qarabağı azad etməsindən bəhs olunur. Nəzərə çatdırılıb ki, BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq Ermənistan işğal etdiyi Qarabağı azad etməkdən boyun qaçırırdı. Beynəlxalq aləm isə bu ədalətsizliyə dözərək tərəfləri yalnız sülhə çağırışla kifayətlənirdi. Lakin Azərbaycan Prezidenti öz yurdundan qaçqın düşmüş 1 milyondan artıq vətəndaşımızın hüquqlarının kobudcasına pozulmasına, soyqırımına məruz qalmasına göz yuma bilməzdi.
Qarabağ Azərbaycan ordusunun hazırladığı “Dəmir yumruq” əməliyyatı ilə azad edildikdən sonra məlum oldu ki, ermənilər vəhşiliklər törədərək dini və mədəni abidələri, məktəb və xəstəxanaları dağıdıblar.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ azad edildikdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə burada genişmiqyaslı quruculuq və bərpa işləri başlayıb. Füzuli rayonunda beynəlxalq hava limanı sürətlə və müasir standartlara uyğun şəkildə tikilib istifadəyə verilib. Ötən 3 il ərzində azad edilən Zəngilan, Qubadlı, Ağdam rayonlarında, Şuşa şəhərində inzibati binalarla yanaşı iaşə obyektləri, fərdi evlər tikilib. Vaxtı ilə qaçqın düşən ailələr tədricən bərpa olunan ərazilərdə məskunlaşdırılır.
Məqalədə qeyd olunub ki cari ilin sentyabrın 19-də Azərbaycan ordusu Qarabağda separatizmin kökünü kəsərək ermənilərin yaratdığı qondarma rejimin varlığına son qoyaraq oradakı hərbi hissələri bir günün içində tərksilah etdi.
Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafı naminə böyük işlər görərək ölkəmizin siyasi, iqtisadi və sosial vəziyyətinin gələcəkdə güclənməsi üçün möhkəm təməl yaradıb.