Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.
Mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq, qida ehtiyaclarının qarşılanması yüksək qiymətləndirilib. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər. Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər.
Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib. Bildirib ki, təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.
*** 16:29
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa çatıb.
"Unikal" xəbər verir ki, görüşdə Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub.
***
15:14
2023-cü sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb.
"Unikal" xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov təmsil edir.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Bundan daha əvvəl Yevlaxda sentyabrın 21-də ilk görüş keçirildi, növbəti görüş isə sentyabrın 25-də Xocalıda baş tutub.