Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
"Unikal" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Açılış matçında “Qarabağ” komandası “Sumqayıt”ı qəbul edib. “Azersun Arena”da keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 22-ci dəqiqədə Juninyo açıb. Braziliyalı hücumçu cəmi 5 dəqiqə sonra özünün və komandasının ikinci qolunu vurub. 42-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Toral Bayramov qonaqları üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. İlk hissədə əsas vaxtın başa çatmasına bir dəqiqə qalmış Leandro Andre Ağdam klubunun üstünlüyünü 4 topa çatdırıb. Oyunda son nöqtəni isə 49-cu dəqiqədə Abdullah Zubir qoyub.
Bu qələbədən sonra xallarını 16-ya çatdıran "Qarabağ" turnir cədvəlində ikinci pilləyə yüksəlib. Altı xalı olan "Sumqayıt" isə yeddinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun “Turan Tovuz” – “Neftçi” və “Səbail” – “Sabah” oyunları sentyabrın 30-da, “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” görüşləri isə oktyabrın 1-də keçiriləcək.