UEFA avrokubokların formatının dəyişdirilməsi variantını nəzərdən keçirir.
"Unikal" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, UEFA rəhbərləri və Avropa Klublar Assosiasiyası üç divizionun - Superliqa, Avropa Liqası və Namizədlər Liqasının tətbiqi variantını nəzərdən keçirir.
UEFA İcraiyyə Komitəsinin oktyabrın sonunda bu məsələni müzakirə etmək üçün toplaşacağı gözlənilir. Yeni formatın qəbul ediləcəyi təqdirdə onun 2027-ci ildən tez olmayan qüvvəyə minəcəyi gözlənilir.
Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasının yeni formatı qüvvədə olacaq. Turnirin əsas mərhələsində 36 klub iştirak edəcək. Yeni formata əsasən, hər klub 8 fərqli komandaya qarşı 8 oyun (4-ü öz meydanında, 4-ü rəqib meydanında) keçirəcək.
Qarşılaşmaların nəticələrinə əsasən, ümumi turnir cədvəli tərtib olunacaq. Ümumi mərhələdən ən yaxşı 8 yeri tutan komanda birbaşa 1/8 finala yüksələcək. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.