Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyub.
"Unikal" xəbər verir ki, dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılıb. Kəndin birinci mərhələsi üçün 18,1 hektar torpaq sahəsi ayrılıb və burada 204 fərdi ev inşa olunacaq. Bu mərhələdə kəndə 204 ailənin - 710 nəfərin köçürülməsi nəzərdə tutulub.
Qeyd olundu ki, kənddə çoxfunksiyalı inzibati binanın, bayraq meydanının, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq.
Diqqətə çatdırıldı ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada da enerjiyə qənaət məqsədilə alternativ enerjidən istifadə olunacaq və istilik tutumlu evlər tikiləcək.
Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoydu.
***
14:36
Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib.
"Unikal" xəbər verir ki, dövlətimizin başçısı Füzuli rayonunun Cuvarlı kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov kənddə görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, Cuvarlı kəndinin layihələndirilən ümumi ərazisi 115 hektardır. Kəndə 1697 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək. Kəndin inşasının birinci mərhələsi üçün 28,1 hektar torpaq sahəsi ayrılıb və 129 fərdi ev tikiləcək. Bu mərhələdə kəndə 129 ailənin - 508 nəfərin köçürülməsi planlaşdırılır.
Qeyd edilib ki, kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, çörək sexinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 312 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin, kitabxananın, ticarət obyektinin, bazarın, qonaq evinin tikilməsi planlaşdırılıb.
Diqqətə çatdırılıb ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin inşası nəzərdə tutulub.
Prezident İlham Əliyev Cuvarlı kəndinin təməlini qoyub.
***12:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Cuvarlı və Qoçəhmədli kəndlərinin təməlini qoyub.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.