"Xeyli müddətdir ki, ölkəmizdə "TikTok" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Antiterror tədbirləri başlayan zaman hökumətin bu resursun məhdudlaşdırılması istiqamətində atdığı addımlar məqbul və ağlabatan idi. Hazırda istifadəçilərin əksəriyyəti VPN texnologiyadan yararlanmaqla bu resursdan sərbəst istifadə edirlər".

"Unikal" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz deyib. Ekspert bildirib ki, VPN-lərdən kütləvi istifadə təhlükəsizlik üçün əlavə təhdidlər yaradır:

" "TikTok"un nümayəndəliyini açmaq, burada dövr edən vəsaitləri vergiyə cəlb etmək, bu qlobal resursla əməkdaşlıq edib uşaqları qorumaq üçün əlavə imkanlar yaratmaq, azərbaycandilli faydalı kontentin inkişafına dəstək almaq daha doğru olardı. Baxıram ki, Qazaxıstanda təşkil olunan Cənubi Asiyanın ən böyük Digital Bridge texnologiya forumunda "TikTok"un rəhbərini başda oturdublar. Qazax dilində elm, təhsil, oyun və əyləncə yönümlü faydalı videomaterialların yaradılması üçün, bu resursdan marketinq və biznes məqsədilə istifadəni stimullaşdırmaq üçün "TikTok" Qazaxıstana böyük vəsaitlər ayırır".