HƏMAS-a qarşı müharibəyə könüllü qoşulan İsrail əsgərləri İsrailin baş naziri Benyamin Netanyahunun oğlunu  ölkəni “tərk etdiyinə” görə qınayıblar.

"Unikal" xəbər verir ki, bu barədə İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan “The Times” İsrailin ehtiyatda olan əsgərləri ilə söhbət edib.

Xəbərin manşetində “İsrailli ehtiyat əsgərlər Benyamin Netanyahunun oğlunun niyə Mayamidə olduğunu soruşurlar” yazılıb. Ölkə tarixindəki ən böyük səfərbərlikdə döyüşmək üçün 300.000-dən çox ehtiyatda olan əsgəri hərbi xidmətə çağırdıqdan sonra yüzlərlə israilli vətənə qayıdıb. 

Təhlükəsizlik səbəbiylə adının açıqlanmasını istəməyən əsgər “Mən cəbhədə olarkən Yair Mayami-Biçdəki həyatından həzz alır", - deyə açıqlama verib.  

Digər adı açıqlamayan əsgər “Ailəmizi, ölkəmizi qorumaq üçün işimizi, ailəmizi, uşaqlarımızı tərk edən bizik, bu vəziyyətin məsuliyyətini daşıyan bizik. Qardaşlarımız, atalarımız, oğullarımız hamısı cəbhəyə gedir, amma Yair hələ də burada deyil. Bu vəziyyət ölkə administrasiyasına inamın azalmasına səbəb olur", - deyə  ifadə edib.  

Bildirək ki, Yair Netanyahu heç vaxt döyüşçü olmasa da, məcburi hərbi xidmətini başa vurub və İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü bölməsində çalışıb. Yair sosial media fəaliyyəti ilə bağlı mübahisələrdən sonra ABŞ-yə köçüb. 

Baş nazirin oğlu hökumətin məhkəmə islahatlarına qarşı nümayiş keçirən yüz minlərlə israillini “terrorçular” adlandırdıqdan və ABŞ-ı qiyamları maliyyələşdirməkdə ittiham etdikdən sonra ictimai rezonansa səbəb olub.

32 yaşlı Yair bu ilin əvvəlində Floridaya köçüb və hələ də orada yaşayır. 

Gülayə Mecid