Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın İsraili hərbi cinayətkar elan edəcəyini bildirib.
"Unikal" xəbər verir ki, o bunu İstanbulda , Atatürk Hava Limanında Fələstinə dəstək məqsədilə təşkil edilən kütləvi mitinqdə deyib.
“Biz İsraili hərbi cinayətkar elan edəcəyik, bu barədə beynəlxalq ictimaiyyətə məlumat verəcəyik, artıq bunun üzərində işləyirik”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri İsraili işğalçı qrup adlandıraraq, Fələstinin HƏMAS hərəkatının terror təşkilatı olmadığını qeyd edib.
Bundan əvvəl “Sabah” qəzeti yazıb ki , Türkiyə Misir , Səudiyyə Ərəbistanı , Livan , Liviya və İordaniya liderlərinə oktyabrın 28-də İstanbulda Fələstinə dəstək aksiyasında iştirak etmək üçün dəvət göndərib.
Ərdoğan daha sonra X sosial şəbəkəsində İsraili Qəzza zolağına hücumları dayandırmağa çağırıb.
Oktyabrın 26-da Türkiyə prezidenti Qərb ölkələrini İsrailə qeyd-şərtsiz dəstək verdiyinə görə beynəlxalq hüququ pozmaqda ittiham edib .