26 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu (İSİ), Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Federal Tədqiqat Mərkəzi və Çinin Wenzhou Universitetinin təşkilatçılığı ilə “İnteraktiv Əməkdaşlıq Robototexnikası” mövzusunda 8-ci beynəlxalq konfransın (ICR`2023) açılış tədbiri keçirilib. Hibrid formatda keçirilən və üç gün davam edəcək tədbirdə institutun rəhbərliyi, AR Elm və Təhsil Nazirliyinin nümayəndəsi, s.e.f.d. Samir Həmidov, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadə və dəvət olunmuş qonaqlar iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov konfransın əməli əhəmiyyətinə toxunaraq qeyd edib ki, qlobal elmi və texnoloji inkişafla müşaiyət olunan IV Sənaye İnqilabının tələblərindən irəli gələrək süni intellektin insan həyatında rolu günbəgün artır. Həyat fəaliyyətinin müxtəlif sahələrində insanları əvəz edə bilən süni intellekt texnologiyaları təbii dilin emalı, maşın öyrənilməsi, şəbəkə nəzarət sistemləri, nümunələrin tanınması kimi bir çox sahələri özündə ehtiva edir. Akademik bildirib ki, konfransın əsas məqsədi kollaborativ robotlar sahəsində dünyanın qabaqcıl ölkələrində çalışan alim və mütəxəssisləri bir araya gətirərək süni intellekt texnologiyalarının inkişafı, müxtəlif sahələrdə tətbiqi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparmaqdan ibarətdir.

Rəhbərlik etdiyi elmi müəssisədə ötən 70 il ərzində süni intellekt və onun tətbiqi üzrə həyata keçirilən fundamental elmi tədqiqatlardan söz açan alim mürəkkəb dinamik sistemlərin klassik və ədədi üsullarla optimal idarə olunması, siqnalların emalı nəzəriyyəsi, sosial-iqtisadi inkişafda qeyri-səlis idarəetmə, süni intellekt və təbii dilin emalı kimi sahələrdə əldə olunan mühüm elmi nəticələrdən bəhs edib. Ə.Abbasov qlobal texnoloji çağırışların tələblərinə uyğun olaraq institutda həyata keçirilən «Əşyalar interneti» əsasında SCADA tipli beynəlxalq standartlara əsaslanan intellektual idarəetmə sistemlərinin işlənib hazırlanması, az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyalarından və potensial layihələrdən söz açıb.

Çıxışının sonunda göstərilən dəstəyə görə həmtəşkilatçılara təşəkkürünü ifadə edən Ə.Abbasov beynəlxalq konfransın süni intellekt texnologiyaları sahəsində aktual elmi tədqiqatların aparılmasına, texnologiya transferinin həyata keçirilməsinə və iqtisadiyyatda innovasiyaların kommersiyalaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib, konfransın işində uğurlar arzulayıb.

Sonra Rusiya Elmlər Akademiyası Sankt-Peterburq Federal Tədqiqat Mərkəzinin direktoru, t.e.d, professor Andrey Ronjin çıxış edərək qeyd edib ki, silsiləvi şəkildə dünyanın qabaqcıl ölkələrində keçirilən ICR konfransı post-pandemiya dövründə öz işini Bakı şəhərində uğurla davam etdirir. Həmtəşkilatçılara təşəkkürünü ifadə edən alim xüsusilə konfransa ev sahibliyi edən idarəetmə sistemləri, avtomatlaşdırma, süni intellekt texnologiyaları sahələrində dünya miqyasında nailiyyətlərə malik İdarəetmə Sistemləri İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.

A.Ronjin bildirib ki, robototexnika kənd təsərrüfatı sahəsində yalnız “insan-robot əməkdaşlığı” çərçivəsində əl əməyinin azaldılmasına deyil, həm də davamlı və məhsuldar inkişaf üçün sənaye komplekslərinin təkmilləşdirilməsinə yol açır. Dövlətin qida təhlükəsizliyi probleminin həlli də məhz süni intellekt texnologiyalarına əsaslanan kənd təsərrüfatı avadanlıqlarının inkişafı ilə bağlıdır. Qeyd edib ki, aqrosənaye kompleksinin proaktiv idarə edilməsi istiqamətində fundamental və tətbiqi elmi tədqiqatlar aparılması ölkədə elm və iqtisadiyyatın inkişafının açarı ola bilər.

Konfransa öz işində uğurlar arzulayan A.Ronjin Rusiya Təhsil və Elm Nazirliyinin Kənd Təsərrüfatı Elmləri Sahəsində Təşkilatların Fəaliyyətinin Koordinasiyası Departamentinin direktoru, REA-nın müxbir üzvü, professor Vüqar Bağırovun konfrans iştirakçılarına ünvanladığı məktubu səsləndirib.

Daha sonra Çinin Wenzhou Universitetinin dəvət olunmuş professoru Elçin Xəlilov çıxış edərək keçirilən konfransın robototexnika sahəsində mövcud problemlərin həlli istiqamətində dünya alimlərilə birgə diskusiyaların aparılması baxımından önəminə toxunub, konfransın əsas məqsədinin interaktiv əməkdaşlıq robototexnikası sahəsində bilik mübadiləsi aparılması olduğunu bildirib. Süni intellektin insanların rifah halının yaxşılaşdırılması və müxtəlif sahələrin inkişafında oynadığı roldan bəhs edən alim təmsil etdiyi müəssisədə süni intellektin müxtəlif sahələrdə tətbiqi istiqamətində həyata keçirilən işlərdən bəhs edib, qarşıda duran hədəflərdən söz açıb.

Konfransda Rusiya Elmlər Akademiyası V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunun baş elmi işçisi, professor Roman Meşeryakov çıxış edərək dünyanın qabaqcıl ölkələrinin elmi ictimaiyyətini bir araya gətirən konfransın əhəmiyyətindən söz açıb, müasir çağırışlara cavab verən IV Sənaye İnqilabı dövründə robototexnika sahəsinin inkişafından bəhs edib. Təmsil etdiyi elmi müəssisə ilə İdarəetmə Sistemləri İnstitutu arasında mövcud elmi əlaqələrdən söz açan R.Meşeryakov süni intellekt texnologiyalarının inkişafı sahəsində müəssisələr arasında gələcək elmi əməkdaşlıqların uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) təsisçisi Rəhman Rəsulzadə çıxış edərək “Robototexnika sahəsinin inkişafı istiqamətləri” mövzusunda təqdimat və videoçarx nümaiş etdirib. Qeyd edib ki, müasir dövrdə inkişaf etməkdə olan süni intellekt texnologiyaları məişət, səhiyyə, sənaye, hərb, elm, təhsil və müxtəlif sahələrdə tətbiq edilərək insan əməyinin əvəz edir. Rəhbərlik etdiyi müəssisədə əsas məqsədin robotexnikanın real imkanlarını nümayiş etdirməklə yeniyetmə və gənclərdə elm və texnikaya maraq oyatmaq olduğunu bildirərək həyata keçirilən mühəndislik proqramları barədə məlumat verib. Sonra Bakı Türk Anadolu Liseyinin şagirdləri yanğın zamanı platformalarda olan şəxslərin qorunmasını nəzərdə tutan “Avtonom idarə olunan xilasedici qayıq” layihəsinin təqdimatını həyata keçirdilər.

Daha sonra konfrans plenar sessiya və seksiyalarla davam edib.

Növbəti gün konfrans öz işinə “İki Rotorlu Vibrasiya Quraşdırması üçün Faza Dəyişdirilməsinin Sürüşmə rejiminə Nəzarəti”, “Şəhər mühitindən semantik məlumatlara əsaslanan yerüstü mobil robotun lokallaşdırılması alqoritmi”, “Perimetr Təhlükəsizliyi üçün Uzaqdan İdarəetmə Robot Sistemi”, “Kənd Təsərrüfatı Sahə Kəşfiyyatı üçün Robotun İnkişafı” mövzuları ətrafında plenar sessiya və seksiyalarla davam edib.

Konfrans çərçivəsində REA Sankt-Peterburq Federal Tədqiqat Mərkəzinin direktoru, t.e.d, professor Andrey Ronjinin sədrliyi ilə “Azərbaycan, Belarus və Rusiyada elm və təhsilin inkişafı və çətinlikləri” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək Azərbaycanda robototexnika sahəsinin inkişaf tarixi barədə ətraflı şəkildə məlumat verib. IV Sənaye İnqilabının tələblərindən irəli gələrək sözügedən sahənin inkişafına dövlət səviyyəsində diqqət göstərildiyini bildirən Ə.Sadıqov AR İqtsadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” və “STEP” akademiyası barədə məlumat verib, ölkənin müxtəlif elmi müəssisələrində, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasında süni intellektin inkişafı istiqamətində görülən işlərdən söz açıb. Dünyanın qabaqcıl ölkələrində robototexnika sahəsində çalışan alim və mütəxəssisləri bir araya gətirən konfransın önəminə toxunan Ə.Sadıqov bu sahədə qarşıda duran hədəflər və perspektivlərdən bəhs edib.

Sonra proqramdan irəli gələn mövzular ətrafında məruzələr dinlənilib. Çıxışlarda Belarus İnformatika və Radioelektronika Dövlət Universitetinin professoru Tatur Mixail “Mobil robot platformalarının yaradılmasında əməkdaşlıq” (Cooperation in the creation of mobile robotic platforms), Kəsilməz proseslərin modelləşdirilməsi və idarəedilməsi laboratoriyasının müdiri, r.ü.f.d., dosent Ədalət Paşayev “Kənd təsərrüfatında qərar qəbul etmək üçün intellektual dəstək sistemi” (Intelligent support system for decision making in agriculture), Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadə “MDB regionunda Kənd Təsərrüfatının Robotik Həlli”, “NutLab” Azərbaycan istehsalı fındıq yığan robot” (Agriculture Robotics Solution in CİS region, “NutLab” Hazelnut collecting robot Made in Azerbaijan), REA V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunun baş elmi işçisi, professor Roman Meşeryakov “İnformasiya Texnologiyaları, Süni İntellekt və Robotik Sistemlərə Nəzarət” (Information Technology, Artificial Intelligence and Control for Robotic Systems) və professor Andrey Ronjin “Təhsil və Tədqiqat üçün Rəqəmsal və Robototexnika Vasitələri” (Digital and Robotics Means  for Education and Research) mövzusunda məruzə edib.

Qeyd edək ki, üç gün davam edən konfransda 6 bölmə üzrə 6 plenar iclas, 27 bölmə məruzəsi və 1 dəyirmi masa keçirilib. Rusiya, Belarus, Çin, ABŞ və digər ölkələrin aparıcı alimlərinin iştirak etdiyi beynəlxalq konfransa təqdim olunmuş 33 məruzə “Springer” nəşriyyatı tərəfindən dərc edilib. Konfransın nəticəsi olaraq sözügedən ölkələr arasında mövcud elmi əlaqələrin inkişaf etdirilməsi, aktual mövzulara həsr olunan bu qəbil konfransların təşkili, birgə elmi tədqiqatların aparılması və mübadilə proqramlarının həyata keçirilməsi qərara alınmışdır.