Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlim səfəri 23-27 oktyabr tarixlərində Portuqaliyanın Ali Texniki İnstitutunda baş tutub.
"Unikal" xəbər verir ki, işgüzar səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, layihədə iştirak edən 11 Azərbaycan ali təhsil müəssisəsinin rektorları, prorektorlar, inzibati və akademik heyət üzvləri, eləcə də layihənin İsveç, Polşa, İspaniya, Estoniyadan olan xarici tərəfdaş universitetlərinin nümayəndə heyəti iştirak ediblər. Təlimlərin əsas məqsədi innovasiya və sahibkarlıq fəaliyyətləri və tədbirlərinin universitetlərdə tətbiqinə dair Portuqaliya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin yaxından öyrənilməsi olub.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və Keyfiyyət təminatı şöbəsinin Keyfiyyətin planlaşdırılması bölməsinin rəhbəri Şirməmməd Məmmədov təlimlərdə ATMU-nu təmsil edib. Təlim həftəsinin ilk günü Universitetin İnzibati idarəetmə üzrə vitse-prezidenti, professor Helena Ramos açılış nitqi ilə çıxış edib, tədbirə ev sahibliyi etməkdən və layihənin yaxın partnyoru olmaqdan məmnun olduqlarını söyləyib.Daha sonra layihə koordinatou Eşqin Bayramov tərəfindən layihə üzrə qrup işinin birinci hissəsinə dair müzakirə təşkil edilib.
Növbəti günlərdə tədbir işitrakçıları “Beato Yaradıcılıq Mərkəzi” və “İnnovasiya və Mühəndislik Mərkəzi” barədə məlumatlandırılaraq innovasiya fəaliyyətləri ilə tanış olublar. Daha sonra Universitetin Sosial İnnovasiya Laboratoriyasının təqdimatı ilə sosial problemlərin həllində texnologiyanın oynadığı mühüm rol və sosial məsuliyyətli innovasiyaların təşviq edilməsinin vacibliyi iştirakçıların diqqətinə təqdim edilib.
Eyni zamanda texnologiyaya əsaslanan sahibkarlıq proqramının təqdimatı, I-Start Lab & White Room və Tec Labs kimi laboratoriyalara edilən səfərlər sahibkarlıq təşəbbüslərinin dəstəklənmnəsi və inkişafı üzrə praktiki təcrübələrin bölüşülməsi baxımından olduqca faydalı olub.
Təlim proqrmamının son günündə isə layihə idarəetmə iclası keçirilib və layihə üzrə qrup işinin ikinci hissəsi baş tutub.