"Bizdə son vaxtlar gəlirlərin tendensiyasında maraqlı bir hal müşahidə edilir. İnkişaf etmiş ölkələrdə qazananlardan qazanmaq prinsipi əsas götürülür. Bizdə isə vətəndaşdan qazanmaq prinsipi önə çəkilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, parkinqdən tutmuş özəlləşdirmə, cərimə, rüsum, hətta təhsilə qədər hamısı vətəndaşdan qazanma prinsipi üzərində qurulub:
"Vətəndaşın yoxsullaşmasının əsas səbəblərindən biri budur. Yəni, vətəndaşın təhsilə, xəstəxanaya, repetitora, yaxud özəl həkimə ayırdığı vəsait onun cibindən çıxır. O vəsaitin effekti olmur. Hesablama Palatasının rəyində də haqlı olaraq qeyd edilib ki, dövlət proqramlarında yalnız maliyyə xarakterli göstəricilər deyil, həm də səmərəlilik göstəriciləri də mütləq qeyd edilməlidir. Gəlin baxaq, narkomaniyaya qarşı mübarizə üzrə dövlət proqramı var. Nəticə nədir? Narkomaniyanın sayı artmaqdadır. Ona görə digər sahələrdə də bu məsələnin üzərinə gedilməlidir və bu proqramların səmərəlilik məsələsinə baxılmalıdır”.
Anar Kəlbiyev