1 noyabr 2023-cü il tarixində Moskvada MDB ölkələrinin “Dəyişən dünyada medianın inkişafı” adlı II Beynəlxalq Media Forumu keçirilib. Forumda MDB-nin baş katibi Sergey Lebedevin tədbir iştirakçılarına müraciəti səsləndirilib.
"Unikal" xəbər verir ki, mediaforum çərçivəsində “Süni intellekt: jurnalistin düşməni və ya dostu”, “Yeni nəslin media təhsili”, “Teleqram kanalları ən sürətlə inkişaf edən media kimi”, “Rusdilli kütləvi informasiya vasitələri birliyinin inkişafı” mövzularında sessiyalar keçirilib. Forumda MDB ölkələrinin jurnalistləri, diplomatları, alimləri, siyasətçiləri və tələbələri iştirak edib.
MDB ölkələrində informasiya və siyasi məkanda birgə fəaliyyət, beynəlxalq jurnalistlərin səlahiyyətləri, həmçinin informasiya təhlükəsizliyi problemlərinə həsr olunmuş “Beynəlxalq jurnalistikanın gələcəyi” mövzusunda plenar iclasda “Rusiya bu gün” Beynəlxalq Media Qrupunun baş direktoru Dmitri Kiselyov, Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin Kütləvi Kommunikasiyalar və Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Yekaterina Larina, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti nazirinin müavini Çingiz Esenqul, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova, MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin rəhbəri Svetlana Malinina və “Rusiya bu gün” Beynəlxalq Media Qrupunun kommunikasiyalar üzrə direktoru, moderator Pyotr Lidov-Petrovski çıxış ediblər. Tədbirdə MDB İcraiyyə Komitəsinin İnformasiya və Analitik Departamentinin direktoru Aleksandr Matyaş və departamentin əməkdaşları da iştirak ediblər.
Mediaforum təşkilat komitəsinin müraciəti əsasında AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov süni intellekt sahəsində çalışan bir alim kimi süni intellektin medianın gələcəyinə təsiri haqqında çıxış edib. Rəhbərlik etdiyi elmi müəssisənin kollektivi adından tədbir iştirakçılarını salamlayan akademik yüksək səviyyəli foruma dəvətlə bağlı təşəkkürünü ifadə edib.
IV Sənaye İnqilabının sürətlə inkişaf edərək insan həyatının bütün sahələrinə, o cümlədən mediaya nüfuz etdiyi müasir dövrdə medianın inkişafının müasir problemləri və perspektivlərinə həsr olunan forumun önəminə toxunan akademik onun qlobal informasiya və siyasi məkanda, həmçinin beynəlxalq jurnalistikada mövcud problemlərin həlli istiqamətində mühüm rol oynayacağına əminliyini ifadə edib. Mediaforumda müzakirə edilən “Süni intellekt: jurnalistin düşməni və ya dostu” mövzusundan xüsusilə bəhs edən Ə.Abbasov jurnalistikada, ümumiyyətlə, media məkanında süni intellektdən istifadənin müsbət və mənfi cəhətlərini qeyd edib, mövzu ətrafında generativ AI GPT-4-ə ünvanlanan sorğu əsasında təqdim edilən cavabları səsləndirib.
Ə.Abbasov informasiyanın emalı prosesində həlledici rol oynayan təbii dillərin emalı modeli əsasında tətbiqi süni intellekt sistemlərinin, o cümlədən intellektual tətbiq proqramlarının yaradılması sahəsində rəhbərlik etdiyi elmi müəssisədə həyata keçirilən tədqiqat və təkmilləşdirmə işlərindən bəhs edib, bu istiqamətdə qurulan əməkdaşlıq əlaqələrindən söz açıb. Dil sistemlərinin onların öyrədildiyi nitq və mətn korpusunun keyfiyyəti və mübadiləsindən asılı olduğunu bildirən akademik az rəqəmsal linqvistik resurslara malik dillər üçün kifayət qədər böyük korpuslar yaratmaq mümkün olmadığından daha az yayılmış dillərdə informasiyanın işlənilməsi üçün yüksək keyfiyyətli intellektual sistemlərin yaradılmasında problemlər yarandığını qeyd edib. Bu istiqamətdə rəhbərlik etdiyi institutda Startup. “Robotronics” şirkəti ilə birlikdə əldə edilən nəticələrdən söz açan Ə.Abbasov 10 000 saat həcmində Azərbaycan dilinin nitq, 300 milyon cümlədən ibarət mətn, 3 milyarda yaxın söz formasından ibarət olan rəqəmsal korpusun yaradıldığını, onun əsasında isə chat-bot tipli sistemin hazırlanaraq çağrı mərkəzləri və əhaliyə xidmət sahələrində uğurla tətbiq edildiyini diqqətə çatdırıb. Sözügedən sistem Azərbaycan dilində şifahi nitqin tanınması və mətnə çevrilməsi, yəni audionun mətnə avtomatik transkripsiyası, klaviaturadan istifadə etmədən kompüterə mətn daxil etməyə imkan verən diktə, mətnin generasiyası, maşın tərcüməsi, böyük mətn verilənlərinin təhlili kimi funksiyaları yerinə yetirir. Fonetik, qrammatik və leksik oxşarlıq səbəbindən işlənmiş üsullar digər türk dilləri üçün də bu qəbil sistemlərin işlənib hazırlanmasında tətbiq oluna bilər.
Avtonom süni intellekt sistemlərindən danışan Ə.Abbasov 21-ci əsrin əsas çağırışlarından olan süni intellektin inkişafının bəşəriyyətin gələcəyinə təsiri probleminə toxunub. Yaxın onillikdə gözlənilən süni intellektin insanlar üzərindəki üstünlüyündən söz açan akademik avtonom süni intellekt sistemlərinin inkişafının onların qəbul etdiyi qərarların insan nəzarətindən kənara çıxması ilə nəticələnə biləcəyini qeyd edib. Beləliklə, virtual aləmdə avtonom süni intellekt sistemlərinin subyektləri ilə insan tərəfindən idarə olunan sistemlər arasında rəqəmsal münaqişələr yarana bilər ki, bu da qlobal informasiya müharibəsinə çevrilə bilər.
Rəqəmsal konfliktlərdə insan cəmiyyətinin bir hissəsi olan, lakin virtual robotlar tərəfindən çıxış edən xaker təhlükəsindən bəhs edən akademik süni intellektə əsaslanan sistemlərin inkişafı, tətbiqi və istifadəsini tənzimləmək üçün ciddi qanunvericilik bazasının zəruriliyini qeyd edib, sözügedən istiqamətdə dünya təcrübəsində mövcud problemləri diqqətə çatdırıb.
Qeyd edək ki, beynəlxalq forum Rusiya Federasiyası Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə “Rusiya bu gün” Beynəlxalq Media Qrupu tərəfindən təşkil olunmuşdur.