"Azərbaycanın ayrılmaz hissəsi olan və iqtisadi baxımdan müstəsna rol oynayan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları zəngin təbii sərvətlərə, eləcə də aqrar sahənin inkişafı baxımından böyük potensiala malik ərazilərimizdən hesab olunur. Həmin ərazilərin torpaq-iqlim şəraiti, əlverişli su təminatı və coğrafi mövqeyi kənd təsərrüfatının inkişafı üçün geniş imkanlara malikdir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. Nazir bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra cənab Prezident tərəfindən verilən əsas tapşırıqlardan biri də bölgədə kənd təsərrüfatı fəaliyyətlərinin bərpası istiqamətində olub:

"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vaxt itkisinə yol verilmədən kənd təsərrüfatı fəaliyyətinin bərpası və dayanıqlı inkişaf etdirilməsi məqsədi ilə Coğrafi İnformasiya Sistemləri (CİS) vasitəsilə peyk məlumatları əsasında faktiki əkin yerləri və çoxillik bağların xəritə-sxemləri hazırlanıb. Bu yerlərin yenidən dirçəldilməsi üçün ilk növbədə təhlükəsizliyin təmin olunması, ərazilərin minalardan təmizlənməsi ən vacib məsələ olaraq qarşıda dayanırdı. 2020-ci ildən həmin ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinə başlamış müvafiq aqrar şirkətlər torpaqların becərilməsində təhlükəsizlik baxımından ciddi çətinliklərlə üzləşirlər. Bunlar, əkin yerləri və bağ sahələri içərisində düşmən tərəfindən qurulmuş mina tələləri, kənd təsərrüfatı texnikaları üçün potensial təhlükə hesab edilən partlamamış silah-sursat qalıqları, mina təhlükəsi səbəbindən həmin sahələrdə işləməyə mexanizator və işçilərin marağının az olması, torpaq resurslarının potensial imkanlarından maksimum istifadə edilməməsi, mina və silah-sursat partlayışları nəticəsində torpaqların və suyun kimyəvi maddələrlə çirklənməsi və s.

Qeyd olunan çətinlikləri azaltmaq və təhlükəsiz əmək şəraitini təmin etmək istiqamətində Kənd Təsərrüfatı Nazirliyi Minatəmizləmə Agentliyi (ANAMA) və digər aidiyyəti qurumlarla birgə faydalı əməkdaşlıq qurmuş, sözügedən ərazilərdə fəaliyyət göstərən aqrar şirkətlərin işinin təşkilinə dəstək göstərməkdədir. Bugünkü tarixə ANAMA tərəfindən ümumilikdə 44 731 hektar kənd təsərrüfatı təyinatları torpaq sahələri mina və partlamamış hərbi sursatlardan təmizlənmiş, bundan 27 783 hektar sahənin isə təmizlik sertifikatları və xəritə-sxemləri Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub. Bu istiqamətdə proses intensiv şəkildə davam etdirilir".

Nazir qeyd edib ki, işğalçılar uzun illər ərzində kənd təsərrüfatı torpaqlarını döyüş poliqonuna çevirmiş və münbitliyinə ciddi ziyan vurub: "Həmin ərazilərin torpaq resurslarının monitorinqi zamanı müəyyən edilib ki, uzunluğu 2000 km, sahəsi isə təxminən 4 200 hektar olan səngərlər və istehkamlar qurulmuş və bu torpaqlar kəskin antropogen eroziyaya məruz qalıb. Yüksək səviyyədə mina və partlamamış silah-sursatla çirklənmiş əkin sahəsi təxminən 5 min hektardır. Baş vermiş hər bir mina hadisəsi insanlıq əleyhinə cinayətdir. Nəticədə insanların sağlamlığı və həyatı itirilir. İşğaldan azad olunmuş ərazilərimizdə mina təhlükələrinin aradan qaldırılması kənd təsərrüfatı fəaliyyətlərinin dayanıqlı bərpası, eləcə də digər tədbirlərimizi ətraf mühit və biomüxtəlifliyin qorunması, yaşıl enerji prinsipləri, iqlimə dost texnika və texnologiyaların tətbiqi ilə aparmaq başlıca məqsədimizdir".

Anar Kəlbiyev