4 noyabr 2023-cü il tarxində Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Samux-Gəncə avtomobil yolunun kənarında və Samux şəhərinin Heydər Əliyev prospektindəki Şəhidlər xiyabanında  ağacəkmə aksiyası keçirilib, 1000-dən çox ağac və gül kolları əkilib. 

"Unikal" xəbər verir ki, aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon gəncləri iştirak edib. 

Aksiya çərçivəsində iştirakçılar ağac əkməklə yanaşı, yol kənarlarında  təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər. Yaşıllıq marafonu çərçivəsində Samux şəhərinin giriş hissəsinə Zəfər simvolumuzu xarakterizə edən yeni dekorativ gül kolları basdırılıb. Ağacəkmə aksiyası qarşıdakı günlərdə də davam etdiriləcək. Görülən işlər çərçivəsində Samux şəhərinin müxtəlif küçələrinə yeni tullantı qabları da qoyulub.

Tədbirin keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına nail olmaq, ictimaiyyətin diqqətini yeni yaşıllıqların salınmasına və qorunmasına yönəltməkdir.