“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin əməkdaşı Əli Fərəcov vəfat edib.
"Unikal" “Report”a istinadən xəbər verir ki, ötən gün səhər işə getmək adı ilə evdən çıxan 72 yaşlı Ə. Fərəcova zəng çatmadığı üçün ailə polisə məlumat verib.
Axtarışlar nəticəsində ailəsi bu gün günorta saatlarında mərhumun cansız bədənini anasının Maştağa qəbiristanlığında yerləşən qəbrinin yanında tapıb.
İlkin məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfatının ildönümü olub. Hər il olduğu kimi Ə.Fərəcov bu dəfə də anasının qəbrini ziyarət etməyə gedib.
Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır.
Qeyd edək ki, uzun illər idman jurnalistikasında çalışmış Ə. Fərəcov 1951-ci il martın 29-da doğulub. Onun metropolitendə 45 ildən artıq təcrübəsi var. Uzun müddət “Metro” qəzetinin baş redaktoru olub.
Qəzet bağlanandan sonra isə qurumun mətbuat xidmətində redaktor kimi çalışıb. Təqaüdə çıxdıqdan sonra isə “Bakı metropoliteni” rəhbərliyi onun təcrübəsini nəzərə alaraq müqavilə əsasında əməkdaşlığa cəlb edib.