Bakıda hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Dəyanət Qüdrətovun istintaqa verdiyi ifadə elan edilib.
Hakim Azad Məcidov D. Qüdrətovun istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığını deyib.Təqsirləndirilən D. Qüdrətov Ruhlan İsmayılovla qrup yoldaşı olduğunu və onunla eyni evdə qaldığını deyib. Məhkəmədə ifadəsi zamanı Dəyanət Qüdrətov Ruhlan İsmayılovun ona hədə-qorxu gəldiyini desə də ,ibtidai istintaq zamanı bununla bağlı danışmayıb:
"İbrahim İbrahimov Ruhlanın silahı olduğunu görmüşdü. Ruhlan İbrahimə güvənirdi. Ruhlan İsmayılov Qəbələ rayonunda Hacıbala adlı şəxsin evinə hücum etdiyini, ona xəsarət yetirdiyini və onunun evindən 10 min manat götürdüyünü İbrahimə etiraf etmişdi.
Turqutla Ruhlan İsmayılov öncə Qalada yerləşən "Bravo”nun qarşısındakı bankomata hücum edəcəkdi. Daha sonra Ruhlan Turqutun işə ötəri yanaşdığı üçün onu uzaqlaşdırmaq istədi. Ruhlan Azərə silahın şəklin atmışdı. Ruhlan Azərin "BMW X5" markalı avtomobili ilə inkassatoru hər gün 11:00-17:00 arası izləyirdi. Hadisə günü Ruhlan tapançanın birini mənə verdi. Biz mühafizəçini öldürüb, kassiri qorxutmalıydıq. İnkassatorun sürücüsü gələndə də onu mən öldürməliydim. Kassiri öldürmək fikrimiz olmayıb. Hadisədən sonra Ruhlan İsmayılov Azərin adına “Mercedes” markalı avtomobil alıb Qəbələyə gedib orada gizlənəcəkdi".
İfadəsi elan edilən Dəyanət Qüdrətov istintaqa verdiyi ifadəni təsdiqləməyib.
Ötən prosesdə Dəyanət Qüdrətov bu işi həyata keçirməsi üçün Ruhlan İsmayılov tərəfindın ona hədə-qorxu gəlindiyini deyib. O, Ruhlanın onun ailəsini öldürməklə hədələdiyi üçün bu işi etdiyini bildirib. Bundan başqa, iş üzrə digər təqsirləndirilən şəxsləri tanımadığını, işi Ruhlan İsmayılovla özünün görəcəyini deyib. D. Qüdrətov bu iş üzrə özünü təqsirli saymadığını açıqlayıb.
Proses noyabrın 22-də davam etdiriləcək.
Xatırladaq ki, hadisə martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.
Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər - Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi - Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə, iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.