Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi - “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı direktoru, "Konsitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, Media və Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, “Qarabağ Qaziləri” İctimai Birliyinin idarə heyətinin üzvü Rey Kərimoğlu və Beynəlxalq Avrasiya Media-nın baş redaktoru Vüsalə Balayeva iştirak edib.
Dəyirmi masada Dövlət Xidmətində ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması məsələləri müzakirə edilib.
Görüşdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası haqqında ətraflı məlumat verilib, o cümlədən Xidmətdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər diqqətə çatdırılıb.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilib.